Çövkənin yeni həyatı

post-img

Tarixin dolaylarında itib-batan bu oyun Şəkidə dirçəldilib

Müasir polo oyununun türklərə məxsus tarixi versiyası olan çövkən at üstündə ağacdan hazırlanmış xüsusi alətlə oynanılır. Tədqiqatçılar bu oyunun orta əsrlərdə Azərbaycanda geniş yayıldığını qeyd edirlər.

2013-cü ildə "Qarabağ atı ilə oynanılan çövkən oyunu" UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda çövkən oyununun inkişafına Şəki rayonu da böyük töhfələr vermişdir. Tanınmış maarifçi Əhməd Nəbiyevin yazdığına görə, 1892-ci ilə qədər Şəkinin Xoçik adlanan ərazisində at yarışı keçirilmiş, ölkədə ilk atçılıq zavodu Ədil xan tərəfindən elə məhz Şəkidə yaradılmışdır.

İlisi sultanlığı ilə Şəki xanlığının ortaq varisi olan Ədil xan 1907-ci ildə Rusiyada təhsilini tamamlayıb vətənə qayıdır və atası Əhməd xanın “Əhmədbəyli” adlı mülkündə at zavodunun əsasını qoyub. Bir neçə ildən sonra isə at zavodunu Daşüz kəndinə köçürüb. 1914-cü ilə qədər, yəni 7 il ərzində zavodda olan atların sayı 300-ü keçib. Birinci Dünya müharibəsinin başlanğıcında çar hökumətinin tələbi ilə ordu üçün zavoddan əvvəlcə 60, sonra 40, daha sonra isə 25 at aparılıb. 1920-ci ildə müharibə və qarışıqlıq nəticəsində itən və həlak olan atlardan sonra isə zavodda qalan 160 at sovet hökumətinə təhvil verilib. Ədil xan özü isə bu zavodda 1928-ci ilə qədər müdir vəzifəsində işləyib.

Zavod 1953-cü ilə qədər fəaliyyət göstərir və atların sayı 800-ə çatıb. 1953-cü ildə zavoda məxsus atların 300-ü seçmə Qarabağ cinsinin artırılması üçün Ağdam Atçılıq zavoduna verilib. Qalanları isə kolxozlar arasında bölüşdürülüb və zavodun yerində camışçılıq kolxozu yaradılıb.

Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə 2006-cı ildə keçmiş at zavodunun yerində Şəki Atçılıq Turizm Mərkəzi yaradıldı. Mərkəz 2007-ci ilin fevralından Respublika Atçılıq Turizm Mərkəzinin filialına çevrildi. 2006-cı ildən Respublika Atçılıq Turizm Mərkəzinin Daşüz kəndində yerləşən Şəki filialında çövkən üzrə "Prezident kuboku" keçirilib. Həmin ildə çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 Azərbaycan rayonu vardısa, 2014-cü ildə onların sayı 20-ə çatıb.

2025-ci ildə isə Şəki III MDB oyunları çərçivəsində çövkən yarışlarına ev sahibliyi edib. Keçmişdə at yarışlarının keçirildiyi Xoçik yaxınlığında yerləşən Şəki stadionunda 6 ölkənin komandası qələbə uğrunda mübarizə apardı.

Tarix təkrarlanır. Yuxarıda verilən məlumatlar çövkən oyunları üçün Şəkinin səbəbsiz yerə seçilmədiyini bir daha təsdiq edir.

Zəminə RƏSULOVA,
Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

İdman