“Qarabağ” “Ayaks”ı yenəcəkmi?

post-img

“Qarabağ” Azərbaycan və niderlandlı qonağımız “Ayaks” Amsterdam bu axşam Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqası turnirinin əsas mərhələsinin 3-cü raundu çərçivəsində bir-birini sınağa çəkəcəkləri görüşdə meydançaya müxtəlif nəticələr, deməli, həm də müxtəlif əhvalla çıxacaqlar. Mərhələnin ilk iki turunda Londonda “Tottenhem”lə, Bakıda isə İsveçin “Malmö” klubu ilə oyunlardan məğlubiyyətlə ayrılan (müvafiq surətdə 0:3 və 1:2) ölkə çempionumuz turnir mövqeyi baxımından qibtəedilməz vəziyyətdədir və onu yaxşılaşdırmaq vaxtıdır.

Rəqib isə, əksinə, 36 komandanın nəticələrini əks etdirən cədvəldə kifayət qədər yüksək, 6-cı pillədə irəliləməsindən razı qala bilər. Əfsanəvi Yohan Kroyfun həmvətənləri bu mövqeyə evdə İstanbulun “Beşiktaş” klubu üzərində böyük hesablı qələbə (4:0) və Çexiyada Praqa “Sparta”sı ilə heç-heçə (1:1) sayəsində yüksəlmişlər.

Göründüyü kimi, ümumi turnir cədvəlində 34-cü yerdə olan “Qarabağ”la onun rəqibi arasında məsafəcə çox böyük fərq yaranıb. Ancaq vəziyyəti düzəltmək üçün imkan var. Bugünkü oyunda qələbə həm Qurban Qurbanovun komandasına hollandlarla öz arasındakı məsafəni qısaltmağa, xal fərqini minimuma endirməyə, həm də pley-off mərhələsinə aparan yolun qalan hissəsində özünü daha inamlı hiss etməyə, qol-qanad açmağa şərait yaradar. Lakin bunun üçün meydanda ağır mübarizəyə tam hazır olmaq, son anadək var qüvvə ilə döyüşmək, başlıcası isə, yaradılacaq qol vəziyyətlərindən ustalıqla istifadə etmək, maksimum fayda götürmək lazımdır. Maraqlıdır, komandamız buna nə dərəcədə müvəffəq olacaq?

“Ayaks” beynəlxalq futbol dairələrində geniş nüfuz qazanmış güclü, üstəlik də, zəhmli bir komanda kimi tanınsa da, “Qarabağ” da çoxdandır ki, elə-belə kollektiv deyil, futbol pərəstişkarları onun əzmkar, məzmunlu, məhsuldar, hərdən də çox mükəmməl oyununa alqışlarını əsirgəməmişlər.

Bu səbəbdən də Azərbaycanın idman ictimaiyyəti ardıcıl iki məğlubiyyətdən sonra komandadan üz döndərmək fikrində deyil, əksinə, bu gün onu daha fəal şəkildə dəstəkləməyə hazırdır. Təsadüfi deyil ki, yenə hamı oyunu böyük ümidlə gözləyir.

Əhsən bizim azarkeşlərə! Oyuna hələ altı gün qalmış, oktyabrın 18-də 18.500 bilet satıldığı elan olundu. Bundan sonra qalan 12 min biletin də tezliklə öz xoşbəxt sahiblərini tapacağına şübhə etməmək olardı. Həqiqətən, “Qarabağ”a sevgimiz hədsizdir.

İndiki vəziyyətdə kollektivə belə inam, dəstək daha çox vacibdir. “Qarabağ” qələbə təqdirində, demək olar, rəqibinə çatacaq, cədvəldə bir neçə klubdan irəli çıxacaq və gələn il yanvarın sonunda yekunlaşacaq Avroliqa turnirinin əsas mərhələsinin son beş görüşü qarşısında perspektivlərimiz haqqında daha ucadan danışa biləcəyik.

Biz də öz növbəmizdə nikbin olaq, həmişəki kimi, çempionumuza dəstəyimizi əsirgəməyək, “Ayaks” kimi komandanı Bakıya gətirdiyinə görə, məmnunluğumuzu ifadə edək.

Onu da əlavə edək ki, Niderland futbolçuları da dəstəksiz qalmayacaqlar. Yayılan məlumata görə, “Zanbaqlar ölkəsi”ndən paytaxtımıza 500-ə qədər azarkeş gəlir.

Bu dəfə oyunumuza şotlandiyalı hakimlər briqadasının təyinat aldığını da diqqətə çatdıraq. Baş hakim rolunda ədaləti Nikolas Uolş qoruyacaq. Ona da, köməkçilərinə də dəqiq hakimlik arzulayıb, görək saat 20:45-də başlayacaq görüşdə kimin zərbələri daha dəqiq olacaq, qələbəyə kim sevinəcək.

Azərbaycan çempionunun növbəti oyununun tarixini də xatırladaq. “Qarabağ” noyabrın 7-də Norveçdə “Bodo Qlimt” klubunun qonağı olacaq. Bununla da əsas mərhələnin birinci yarısı arxada qalacaq. Əlbəttə, səfərə yaxşı əhvalla çıxmaq xoş olardı.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman