“Qarabağ”ı futbolun vətənində çətin oyun gözləyir

post-img

Bu mülayim payız günündən başla­yaraq, ən azı, 2025-ci ilin soyuq yanvar ayının sonunadək Azərbaycanın idman ictimaiyyəti yenə gecə-gündüz ölkə klub futbolunun şəriksiz lideri, beynəlxalq meydanda da yaxşı ad çıxarmış Ağdamın “Qarabağ” kollektivi haqqında danışa­caq, çətin sınaq saatlarında onunla nəfəs alacaq, komandaya dəstəyini əsirgəməyə­cək. Milli futbolumuzun qızıl komandası UEFA Avropa Liqasının əsas mərhələsin­də starta hazırdır.

Qurban Qurbanovun komandasının bu mər­hələdə səkkiz oyun keçirəcəyini, onlardan dördü­nün “doğma divarlar” arasında, futbolçularla yana­şı, azarkeşlərin də çox öyrəşdikləri, çox sevdikləri Tofiq Bəhramov adına Respublika stadionunda, daha dördünün isə doğma sahillərdən uzaqlarda oynanılacağını futbol həvəskarlarımız yaxşı bi­lirlər. Bununla belə, həyəcanlı start günü topa ilk zərbə endirilənədək rəqibləri, oyunlarımızın təqvi­mini bir daha xatırlamaq pis olmaz. 

Azərbaycan çempionu görüşlərinin hesabını bir başqa ölkədə, şəhərdə deyil, futbolun vətəni İngiltərənin fəxri olan Londonda açacaq. Maraqlı məqamdır: Azərbaycan futbolunun əfsanəsi Anato­li Banişevski 1966-cı ildə məhz bu şəhərdə SSRİ yığma komandasının heyətində dünya çempiona­tının bürünc medalı ilə mükafatlandırılmış, onun həmyerlisi Tofiq Bəhramov isə həmin mundialda İngiltərə–AFR final matçında isveçrəli hakim Qot­frid Dinstin köməkçisi olmuş, üstəlik də, qətiyyətlə qəbul etdiyi və hər yerdə böyük əks-səda doğuran məlum qərarı ilə məşhurlaşmışdır.

İndi isə bu iki görkəmli şəxsiyyətin davamçı­sı, futbol aləmində onların özləri kimi çox yaxşı tanınan Q.Qurbanov komandasını Londona aparıb. Bu gün Bakı vaxtı ilə saat 23-də başlayacaq oyun həm “Tottenhem”, həm də onun qonağı “Qarabağ” üçün çox vacib görüşdür. Əbəs yerə demirlər ki, hər hansı bir işdə uğurlu başlanğıc mühüm şərtdir. Həqiqətən də, futbolda inamlı start sonrakı möh­kəm, qətiyyətli addımların rəhnidir. 

Azarkeşlərimiz London səfərindən sonra se­vimli komandalarının Bakıda iki oyununa şahidlik edəcəklər. “Qarabağ” oktyabrın 3-də və 24-də mü­vafiq surətdə “Malmö” (İsveç) və “Ayaks” (Nider­land) ilə görüşlərdən maksimum fayda götürməyə çalışacaq. Əgər komanda bunu bacarsa, qalan beş oyununu daha xoş əhvalla gözləyə bilərik. 

Həmin görüşlərdən birincisi noyabrın 7-də Norveçdə “Bodo Qlimt”ə qarşı olacaq, bundan üç həftə sonra, noyabrın 28-də isə “Lion”u (Fransa) Bakıda qəbul edəcəyik. 

Turnirdə Ağdam komandasının son üç oyu­nunun təqvimi belədir: 11 dekabr. “Elfsborq” (İsveç)–“Qarabağ”, 23 yanvar 2025-ci il. “Qara­bağ”–FCSB və ya, sadəcə, “Styaua” (Rumıniya), 30 yanvar. “Olimpiakos” (Yunanıstan)–“Qara­bağ”.

Sözsüz, rəqiblər zəngin təcrübəli, güclüdürlər, heyətlərində bahalı futbolçular çoxdur. İddiala­rını da gizlətmirlər, ağır rəqabətdən şərəflə çıxıb, UEFA Avropa Liqasının pley-off mərhələsində yol­larına davam etmək istəyirlər. Ancaq “Qarabağ” da mübarizəyə bu məqsədlə başlayır. Heç kimdən də çəkinmir. Əksinə, bir çox məşhur mütəxəssis, elə indiki rəqiblərimizin məşqçiləri də ötən mövsümdə “Bayer” (Leverkuzen, Almaniya), “Braqa” (Por­tuqaliya) ilə görüşlər haqqında Ağdam komandası­na böyük hörmətlə danışır, onun Avropa səviyyəli klub olduğunu bildirir, ünvanına xoş sözlər söy­ləməkdə xəsislik etmirlər.

Hələlik isə, nə qədər ki, turnirə start verilmə­yib, oyunlar başlanmayıb, imkanlar bərabərdir. Hamı nikbindir, özünə güvənir, heç kim uduzub, yarı yolda dayanmağı ağlına belə gətirmir. 

Bu arada “Tottenhem”–“Qarabağ görüşünün başlanma saatına lap yaxınlaşmışıq. Artıq iki gün­dür ki, UEFA-nın oyunun hakimliyini Fransa Fut­bol Federasiyasının nümayəndələrinə həvalə etdi­yini, baş hakim funksiyasını Villi Delajonun yerinə yetirəcəyini də bilirik. 

Axşam saat 11-də onun start işarəsini göz­ləyərkən yeni formatlı Avroliqanın əsas və ya Liqa mərhələsində cəmi 36 komandanın mübarizə aparacağını da xatırlayaq. Bu mərhələnin ümumi yekununda finişə ən yaxşı nəticə ilə çatan 8 klub birbaşa səkkizdəbir final sevinci yaşayacaq, 9–24-cü yerlərin sahibləri isə mübarizəni pley-off gö­rüşlərində davam etdirəcəklər. Qalan 12 klub da uğursuz taleyi ilə barışıb, Avroliqa ilə vidalaşmağa məcbur olacaq.

Deməli, istisnasız olaraq bütün komandalar gələn il erkən baharın astanasında ən yaxşılar sı­rasında olmaları ilə qürur duymaları üçün elə bu gündən möhkəm xal ehtiyatı yaratmaq qayğısına qalmalıdırlar. Bunu bacarmayanlara sonrakı mər­hələdə yer olmayacaq…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman