T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda Paris Yay Paralimpiya Oyunlarının qalibi olan Səid Nəcəfzadə jurnalistlərə açıqlama verib.
O, Paralimpiya Oyunlarında 2-ci dəfə iştirak etdiyini, budəfəki yarışlarda qələbəyə kökləndiyini qeyd edib:
– Üç il əvvəl “Tokio-2020”də bürünc medal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Yalnız qələbəyə köklənmişdim. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionatında qızıl medal qazanmışdım. Favoritlər arasında olduğum üçün çox həyəcan keçirirdim. Sevinirəm ki, qızıl medalı əldə etməyi bacardım. Paralimpiya çempionu olduğum üçün qürur hissi keçirirəm.
İdmançı sosial şəbəkələrdə xalqımızdan dəstək gördüyünü deyib:
– Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya idmana və paralimpiyaya diqqətlərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Məşqçimə, üzvü olduğum “Neftçi” İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduqları üçün minnətdaram.
L.QURBANOVA
XQ