Çin zooparklarından birində qəribə hadisə baş verib. Uzun dimdikləri və enli yem kisəsi ilə məşhur olan Qutan göyərçini udmağa çalışıb. Zoopark işçilərindən biri son anda zavallı quşcuğazı onun ağzından xilas edə bilib. Ziyarətçilərin də marağına səbəb olan bu qeyri-adi hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq, məzəli müzakirələrə səbəb olub.
Hadisə quşların yemlənməsi zamanı baş verib. Göyərçin ehtiyatsızlıq edərək qutana yaxınlaşıb və bu nəhəng quş dərhal onu dimdiyinə alıb. Yayılan kadrlarda göyərçinin qutanın ağzından çıxandan sonra dərhal oradan uzaqlaşdığı görünür.
Xatırladaq ki, qutanlar həm dəniz, həm də şirinsulu göllərdə yaşayırlar. Onlara həm də balıqyeyən quşlar deyilir. Bu quşlar daha çox xəstə balıqları yeyirlər. Böyük dimdiyinin altında iri kisə yerləşir. Onun vasitəsilə əldə etdikləri “qənimət”i asanlıqla uda bilirlər. Onlar uzun müddət havada qala bilirlər və çox sürətlə uçurlar.
S.FİDAN
XQ