Paralimpiyaçılarımızın bir qrupunun Fransada avqustun 12-dən başlayan hazırlığı başa çatıb.
Paratletika, paraüzgüçülük, paragüllə atıcılığı və parakamandan oxatma üzrə milli komandamızın Paris Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançıları Ajan şəhərində təlim-məşq toplanışı keçiblər. Paragüllə atıcılığı üzrə Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada Cahan Musayev, paraüzgüçülük üzrə Vəli İsrafilov, Raman Salei hazırlıqda iştirak ediblər. Paratletika üzrə isə Oloxan Musayev, Səid Nəcəfzadə, Orxan Aslanov, Rüfət Rəfiyev və Lamiyə Vəliyeva toplanışa qatılıblar.
Azərbaycan millisinin “Paris-2024”də nümayəndə heyətinin rəhbəri Rüfət Hacılı “XQ”yə açıqlamasında paralimpiyaçılarımızın əsas məqsədinin dördilliyin ən mötəbər yarışında uğurla çıxış etmək olduğunu deyib. O, komandamızın əvvəlki Paralimpiya Oyunlarında olduğu kimi, yenə medallar uğrunda əzmkarlıqla mübarizə aparacaqlarını bildirib:
– Komandamızın heyətində Paralimpiya çempionları İlham Zəkiyev, Dürsədəf Kərimova, Raman Salei, Oloxan Musayev, Orxan Aslanov və Lamiyə Vəliyeva kimi titullu idmançılarımız var. İnanırıq ki, komandamızın üzvləri əldə etdikləri nailiyyətlərlə xalqımızı sevindirəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi Paris Paralimpiadasında 7 növ üzrə 19 idmançı ilə təmsil olunacaq. Paralimpiya Oyunlarının açılışı avqustun 28-də, bağlanışı isə sentyabrın 8-də olacaq.
Leyla QURBANOVA
XQ