ABŞ-də bu il noyabrın 5-də keçiriləcək prezident seçkiləri dünyanın diqqət mərkəzindədir. Budəfəki kampaniya üçün səciyyəvi cəhət budur ki, prezidentliyə namizədlər və onların tərəfdarları debat və müzakirələrdə bir-birinə qarşı kəskin mövqe sərgiləyirlər. Bu dəfə ritorika çox sərtdir.
Planetdə yeni siyasi, iqtisadi və hərbi nizam formalaşır. ABŞ bu taleyüklü prosesin önündə getməkdə israrlıdır. Bu ölkənin özündə isə əsasən iki qüvvə – imperiya maraqlarını təmsil edən 45-ci prezident Donald Trampın komandası ilə qlobalçılar, hazırkı vitse-prezident Kamala Harrisin tərəfdarları arasında gedir. Hər iki tərəf ortaya güclü siyasi iradə qoyub.
Bu danılmaz həqiqətdir ki, ABŞ-dəki yuxarıda qeyd etdiyimiz hazırkı siyasi konfiqurasiyanın nəticələri regional və qlobal siyasətə ciddi təsir göstərəcək. Buna görə də Yer kürəsinin, demək olar ki, hər bir guşəsində, xüsusilə də iki ən qaynar nöqtədə – Ukrayna və İsraildə seçkiləri xüsusilə diqqətlə izləyirlər. Heç kəsə sirr deyil ki, Ukraynanın hazırkı iqtidarı demokratların, İsrail iqtidarı isə Trampın qələbəsini arzulayır.
Şübhəsiz, seçkilərin taleyini 340 milyonluq Amerika vətəndaşları həll edəcək. Onların hiss və düşüncələrinə təsir etmək üçün ABŞ-də hazırkı seçkiqabağı kampaniya dönəmində hər iki rəqib siyasi partiyanın yetkililəri əllərindən gələni etməyə çalışırlar.
Dünən Çikaqoda Demokratlar Partiyasının 3 günlük qurultayı öz işini başa çatdırıb. Partiyanın ali məclisində demokratların siyasi elitasının əsas simaları bir-bir çıxış edərək vitse-prezident Kamala Harrisin dövlətin ali postuna, Minnesota ştatının qubernatoru Tim Valsın vitse-prezidentliyə namizədliklərini dəstəkləyiblər.
Qurultayın ilk iş günü Prezident Co Bayden yaddaqalan və təsirli nitq ilə çıxış edib. ABŞ mətbuatı yazır ki, 52 illik siyasi fəaliyyətdən sonra partiyanın zirvəsinə qalxmış 81 yaşlı Bayden qurultay zalında qəhrəman kimi qarşılanıb. Ötən ay siyasi yarışdan çəkildiyini elan etmiş Baydeni qurultay iştirakçıları dörd dəqiqə ərzində “Təşəkkür edirik, Co!” deyə salamlayıb. “Amerika, mən səni sevirəm,” deyə Co cavab verib.
Aydın və enerjili danışan demokrat lider natiq kürsüsündə öz prezidentliyini müdafiə etmiş, vitse-prezidentə dəstək ifadə vermiş və Trampı tənqid etmişdir. Baydenin bu çıxışı iyun ayında Trampla debatdakı zəif, çaşqın danışığı ilə təzad təşkil edib. 2020-ci ildəki leytomotivi yenidən səsləndirən Bayden “Amerikanın ruhu uğrunda döyüş” getdiyini vurğulayıb, Harris və Valzı bu döyüşdə qalib çıxmağa ən şanslı liderlər kimi təsvir edib.
Bayden bildirib ki, 2020-ci ildə Harrisi özünə vitse-prezident seçmək karyerasının “ən yaxşı qərarı” olub. “O, uşaqlarımızın nümunə kimi baxacağı bir prezident olacaq. O, dünya liderlərinin indiki kimi hörmət bəsləyəcəyi bir prezident olacaq”, - deyə Co Bayden Kamala Harrisin Amerikanın gələcəyinə “öz möhürü”nü vuracağını bəyan edib.
Baydenin nitqindən öncə qurultayda çıxış edən digər tanınmış siyasətçilər, o cümlədən sabiq prezidentliyə namizəd Hillari Klinton demokrat prezidenti tərifləyib və ona sərgilədiyi liderliyə görə minnətdarlığını ifadə ediblər.
Qurultayda çıxış edən demokrat natiqlərin bir çoxu respublikaçıların abort hüquqları üzrə mövqeyini tənqid ediblər. Onlar hazırkı respublikaçı prezidentliyə namizəd Trampın məhkəmə problemlərinə diqqət çəkmiş və onun mənəvi dəyərlərini sual altına almışlar. Bir çoxları Trampın siyasətinin yalnız varlılara, Harrisin siyasətinin isə işçi sinfə xidmət göstərəcəyini vurğulayıblar.
Xatırladaq ki, Tramp öz seçkiqabağı təbliğatını əsasən Ağ evin hazırkı rəhbərinin daxili və xarici siyasətinin kəskin tənqidi üzərində qurmuşdu. Baydenin seçkilərdən geri çəkilərək K.Harrisin namizədliyini irəli sürməsi namizəd milyarderin komandasında çaşqınlıq yaradıb. Əgər əvvəllər rəy sorğularında Tramp irəlidə idisə, o, artıq Harrisə uduzmağa başlayıb.
Dünən Çikaqoda Demokratlar Partiyasının qurultayı Kamala Harrisin çıxışı ilə başa çatıb. O, dəfələrlə sürəkli alqışlarla qarşılanan nitqində amerikalıların ərzaq xərclərini azaltmaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün çalışacağını vəd edib. Kamala Harris Amerikanın bütün dünyaya əmin-amanlıq və sülh bəxş edəcəyini bildirib.
Məsaim ABDULLAYEV
XQ