“Hidayətin qələbəsi bütün Azərbaycanı sevindirdi”

post-img

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu Hidayət Hey­dərovun (73 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyun­larında qızıl medal qazanması ilə bağlı fikirlərini bölüşüb. O, Hidayət Heydərovun qələbəsinin Azərbaycan idmanı üçün böyük uğur olduğunu bildirib. 28 yaşlı idmançının qələbə uğrunda çox əziyyət çəkdiyini deyib: 

– Hidayətin qələ­bəsi bütün Azərbay­canı sevindirdi. Qar­şılaşma ağır keçdi. O, fransalı idman­çıya qarşı əzmkar mübarizə nümayiş etdirdi, əsl xarakter və tam şəkildə baca­rığını göstərə bildi. Bunun sayəsində qalib gəldi. Mən inanıram ki, onun qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Bu gün əsl bayramdır. Bu, ilk uğurumuzdur, amma ümid edirəm ki, son olmayacaq. Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik. 

Fransızlar öz təmsilçisini yaxşı dəstəkləyirdilər. Buna bax­mayaraq, onlar mükafatlandırma mərasimində Dövlət Himni­miz səslənən zaman ayaq üstə alqışladılar. Bu, doğrudan da qürurverici və unudulmaz bir an idi. 

Olimpiada kimi mötəbər turnirdə sadəcə medal qazanmaq deyil, 5-6-cı yer tutmaq belə böyük uğur sayılır. Bu yarışda ümumilikdə 9 medala ümid edirəm. Fikrimcə, Parisdəki nə­ticələrimiz Tokiodakından daha çox olacaq. Təbii ki, istərdim mükafat sayı 9-dan da artıq olsun. Lakin hazırkı proqnozlar bunu göstərir.

İdman