Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən fraqmentlərin əks olunduğu videoların yoxa çıxmasından xəbərsiz olduğunu bildirib.
Qurum bir sıra media orqanlarının sorğusuna cavab olaraq bildirib ki, BOK rəqəmsal hüquqları yalnız müəyyən qlobal bazarlarda saxlayıb. Xüsusilə, BOK-un Avropa və Böyük Britaniyada rəqəmsal hüquqları yoxdur. Belə ki, rəsmi Olimpiya obyektləri və ərazilərindən olan videolar coğrafi olaraq bu bazarlardan bloklanır və bu videolara baxmaq mümkün olmur. Onlar silinməyib.
Xatırladaq ki, Paris Olimpiadasının açılış mərasimi bir sıra təxribat xarakterli epizodlara görə ciddi tənqid edilməkdədir. Xüsusən də, mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyasına görə, dindarlara hörmətsizlikdə günahlandırılıb. Ümumiyyətlə, açılış mərasimi bir sıra qalmaqallarla gündəmdədir. Belə ki, bu böyük tədbirdə Olimpiya bayrağının dirəyə tərs asılması, meydanda diktorların parad zamanı Cənubi Koreyadan olan idmançıları KXDR təmsilçiləri kimi elan etmələri və digər xoşagəlməz hadisələr ciddi tənqid olunub.