XXXIII Yay Olimpiya Oyunlarına start verilib

post-img

Dünən Parisdə 2024-cü il XXXIII Yay Olimpiya Oyunları çərçivəsində yarışlara start verilib. Builki Oyunlarda idmançıların ənənəvi yürüşü əvəzinə, Sena çayında qayıq paradı nəzərdə tutulub. Orada 10 mindən çox idmançı qayıqlarda üzəcək. Rəsmi hissə Eyfel qülləsinin düz yanındakı müvəqqəti stadionda – “Place du Trocadéro”da keçiriləcək.

Parisdə Olimpia Oyunları rəsmi olaraq iyulun 26-da açılacaq. Ancaq yarışlar daha əvvəl başlayıb. İlk yarışlar 24 iyulda keçirilib. Dünən kişilər arasında futbol turnirinin qrup mərhələsinin 1-ci turunun oyunları baş tutub və 8 oyun olub. Kişilər iyulun 24-də qrup mərhələsində 12 oyun keçiriblər.

Kişilər arasında futbol turnirinin qrup mərhələsi iyulun 30-dək davam edəcək, pley-off mərhələsi isə avqustun 2-də başlayacaq. Medallar avqustun 8-9-da veriləcək.

Dünən Yay Olimpiya Oyunlarının proqramı çərçivəsində reqbi üzrə qrup mərhələsi yarışlarına da start verilib. İlk medal dəsti şənbə günü, iyulun ­27-də 10 metrdən pnevmatik tüfənglə atıcılıq yarışında veriləcək. 

Dörd ildən bir keçirilən planetin ən nüfuzlu idman yarışında Azərbaycan idmançıları da iştirak edirlər. XXXIII Yay Olimpiya Oyunlarında ölkəmiz 48 idmançı ilə 15 idman növü üzrə təmsil olunacaq.

İyulun 17-də Paris Olimpiadasında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının yolasalma mərasimi baş tutub. Tədbirdən əvvəl dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin və idman ictimaiyyətindən vəfat edənlərin xatirəsi yad edilib. Milli Gimnastiкa Arenasında (MGA) baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.

Paşa ƏMİRCANOV 
XQ

 

İdman