İşğaldan azad edilmiş ərazilərimizdə mühüm əhəmiyyətli beynəlxalq idman yarışlarının uğurla təşkili davam edir. Mayın 1-də Suqovuşanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” başlayıb.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Elnur Məmmədov əvvəlki illərdən fərqli olaraq, budəfəki yarışda daha çox ölkənin idmançılarının iştirak etdiklərini bildirib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə reqatanın beynəlxalq səviyyəli yarış olduğunu xatırladaraq onun davamlı olmasını arzulayıb.
Sonra yarışa start verilib. Turnirdə 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq. Yarış bu gün və sabah Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mayın 3-də Mingəçevirdə yarışın bağlanış mərasimi keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın (AKAF) baş katibi Fərhad Əliyev jurnalistlərə açıqlamasında “Prezident Kuboku-2024” turniri barədə danışarkən işğaldan azad olunmuş ərazilərimizdə bu cür yarışların təşkilinin tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, 3-cü dəfə təşkil olunan yarışda daha çox ölkədən idmançılar iştirak edir. Baş katib deyib ki, ilk turnirdə 5, sonrakında 17 ölkə təmsil olunurdusa, hazırda bu yarışa 21 dövlətdən idmançılar qatılıblar:
– Yarışda təmsil olunan ölkələrin sayının artması bizi sevindirən məqamdır. Yarışdan əvvəl “Prezident Kuboku”na qatılacaq idmançılar arasında turnir təşkil olunur və orada fərqlənənləri bura cəlb edirik.
Onun sözlərinə görə, bu yarışın Füzuli şəhərində də təşkili planlaşdırılır. Qeyd edilib ki, su hövzəsini yoxlamaq üçün həmin əraziyə beynəlxalq mütəxəssis cəlb ediləcək.
AKAF rəsmisi Neftçala şəhərində də yarış təşkil edildiyini və təşkilatçılıq baxımından hər şeyin qaydasında olduğunu bildirib. Vurğulayıb ki, hazırda su hövzəsinin bəzi yerləri standartlara cavab vermədiyi üçün indiki halda orada yarış keçirmək alınmır.
F.Əliyev Azərbaycan avarçəkəni Diana Dımçenkonun Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmasını böyük uğur adlandırıb. O qeyd edib ki, idmançımızın iştirak etdiyi turnirdə küləkli hava şəraiti idmançılara təsir etsə də, Diana sınaqdan üzüağ çıxıb.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku” avarçəkmə yarışı ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
L.QURBANOVA
XQ