Lisenziya turnirində daha 6 medal

post-img

Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında Azərbaycan millisinin üzvləri daha 6 mükafat qazanıblar. 

Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. Qadınların mübarizəsində isə Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda qalib adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub.

Üç təkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb. Toğrul Şahtaxtinski isə U 16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək hər iki növdə qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, yarışın ilk günündə uzunluğa tullanmada Nazim Babayev qızıl, Orxan Aslanov bürünc medal qazanıb. Qadınlar arasında 100 metr məsafəyə qaçışda L. Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, kişilərin eyni məsafəyə yarışında isə Ə. Nağıyev 2-ci yeri tutub. 

L.SABİRQIZI
XQ

İdman