Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Azərbaycan cüdoçularının Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışındakı çıxışı ilə bağlı yazı dərc edib.
EJU medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutan Azərbaycan millisinin nəticəsini yüksək qiymətləndirib.
“Azərbaycan Berlində Fransanı qabaqladı” adlı məqalədə qeyd olunur ki, hər iki komanda qızıl medalların yarısına sahib çıxıb və hər biri dörd qızıl mükafat qazanıb. Fransa ümumi hesabda daha çox bürünc medal qazansa da, Azərbaycan gümüş medal sayında Fransanı ötüb.
EJU Azərbaycan cüdoçularından 2024-cü ilin mayında Göygöldə keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda da eyni uğuru gözlədiyini bildirib. Komanda bundan əvvəl aprelin 27-28-də Gürcüstanın Telavi şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda iştirak edəcək. Hazırda onlar Berlində üç günlük təlim-məşq toplanışındadırlar.
Azərbaycan yığması Berlində 4 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edib.
Leyla SABİRQIZI XQ