Qrossmeysterlərin Toronto sammiti

post-img

Nicat Abasov şahmat tacı iddiaçılarının turnirinə ağlarla başlayır

Ötən ilin yayında Bakıda keçirilmiş Dünya kuboku turnirinin yarımfinal­çısı, azərbaycanlı qrossmeyster Nicat Abasov, hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandın davamçıları Santoş Vidit, Dommaracu Qukeş, Rameşbabu Praqnanandha, ABŞ şahmatçıları Fabiano Karuana, Hikaru Nakamura, Əlirza Firuzca (Fransa) və rusiyalı Yan Nepomnyaşi. Dünya şahmatının bu səkkiz parlaq zəka sahibi Kanadanın Toronto şəhərində iddiaçılar turnirinin startı ərəfəsindədir. 

Əhəmiyyətinə görə, bəlkə də, siyasətçilərin mötəbər sammitlə­rindən geri qalmayan yarışın qalibi özünü çox xoşbəxt hiss edəcək. Turnirin ən yaxşı iştirakçısı dünya şahmat tacı uğrunda matçda hazır­kı çempion, Çin Xalq Respublikası təmsilçisi Dinq Lirenə rəqib olacaq. Bu isə hər bir qrossmeysterin ürə­yindən keçən böyük arzudur.

Təsadüfi deyil ki, planetin hər yerində milyonlarla qədim və müd­rik oyun pərəstişkarının diqqəti ha­zırda Kanadaya yönəlib. Bu gün Torontoda starta çıxıb, üç həftə­dən sonra finişə çatacaq iddiaçılar turnirinin bütün görüşləri şahmat aləmində hədsiz maraqla gözlə­nilir. Heç kim dünya tacı uğrunda mübarizədə 17-ci dünya çempionu ilə kimin qarşılaşacağı məsələsinə biganə deyil.

Azərbaycanın şahmat ictima­iyyəti üçün ikiqat fərəhli haldır ki, iddiaçılar səkkizliyində həmvətəni­miz Nicat Abasov da var. O, ötən illərdə belə məsul yarışların iştirak­çıları olmuş Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdan son­ra iddiaçılar turnirində oynamaq hüququ qazanmış üçüncü şahmat­çımızdır.

Səkkiz-doqquz ay əvvəl N. Aba­sov paytaxtımızda Dünya kuboku yarışında gözlənildiyindən də yax­şı çıxış etmiş, ardıcıl altı rəqibini turnirlə vidalaşmağa məcbur edib, yarımfinala çıxmışdı. Nicat yalnız dəfələrlə dünya çempionu norveçli dahi Maqnus Karlsenə, sonra da üçüncü yer uğrunda matçda Ka­ruanaya məğlub olub, yarışı fəxri dördüncü yerdə başa vurmuşdu. Bu, Azərbaycan şahmat məktəbinə qürur gətirən nailiyyət idi.

Həmyerlimizin qalib gəldiyi rəqib­lər arasında Loran Fressine (Fran­sa), Pyotr Svidler (FİDE–Rusiya), Aniş Giri (Hollandiya), Torontoda yenə üz-üzə gələcəyi Santoş Vidit kimi məşhur qrossmeysterlər var idi. 

Şahmat həvəskarlarının, o cüm­lədən, “Xalq qəzeti” oxucularının turnirə marağını nəzərə alaraq, bi­rinci dövrədə N. Abasovun görüş­lərinin təqvimini diqqətə çatdırırıq. Şahmatçımız bu günə təyin edilmiş 1-ci turda ağ fiqurlarla Nepomnya­şiyə qarşı oynayacaq. Aprelin 5-də və 6-da ikinci-üçüncü raundlarda Abasovun rəqibləri Karuana və Na­kamura olacaq. Dördüncü turda (7 aprel) Abasov—Firuzca görüşünü izləyəcəyik. Aprelin 8-də rəqiblər təşkilatçıların onlar üçün nəzər­də tutduqları istirahət günündə bir qədər dincəlmək imkanı qazana­caqlar. Sonrakı üç gündə isə (9-11 aprel) Hindistan üçlüyü—müvafiq surətdə Qukeş, Praqnanandha və Viditlə oyunlarımız olacaq.

Mayın 14-də 29 yaşı tamam olacaq N. Abasov Bakıda Dünya kuboku yarışında böyük nailiyyət qazanıb, bütün turnir günlərində çıxışlarını həyəcanla izləyən idman həvəskarlarımızı ürəkdən sevindir­mişdi. Əvvəllər o, dünya şahmatı­nın ən mahir ustalarını öz bayrağı altına toplayan belə yarışlarda heç vaxt bu qədər uzağa gedə bilmə­mişdi. Paytaxtımızda isə hamını təəccübləndirib, yarımfinala qədər irəliləyə bildi. Bu uğura görə müka­fatı bütün zəka sahiblərinin arzula­dığı, amma heç də hamının üzünə gülməyən iddiaçılar turnirinə vəsiqə oldu.

Nicat Abasov doğma Bakıdakı kimi, uzaq Torontoda da mümkün qədər yaxşı nəticə göstərib, Dünya kuboku yarışında qazandığı uğurun təsadüfi olmadığını iddiaçılar turni­rində sübuta yetirməyə çalışacaq. Qrossmeysterimizə dəqiq gedişlər arzulayırıq. 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

 



İdman