Qazaxıstan Respublikası Baş prokurorunun müavini Jandos Umiraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında olan qarşılıqlı etimad və dialoqun mühüm rol oynadığını vurğulayıb. Cari ilin 11-12 mart tarixlərində Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xalqlarımızın qardaşlığının daha bir göstəricisi olduğu qeyd edilib.
Kamran Əliyev cari ilin 29 sentyabr–2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlı qazaxıstanlı həmkarı Berik Asılova dəvət məktubu ünvanladığını bildirib.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Jandos Umiraliyev iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.
XQ

