Fransa baş diplomatının yalanı sülh prosesinə zərbədir

post-img

Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səs­ləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin ABŞ Dövlət katibi ilə birgə mətbuat konf­ransı zamanı Azərbaycana qarşı səslən­dirdiyi iddialara dair şərh edərkən bildirib.

“Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən son­ra yürütdüyü siyasətin nə qədər saxta ol­duğunu nümayiş etdirir.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir.

Azərbaycanın BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imi­cinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlar­dan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik.

Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla Fran­sa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəa­liyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Er­mənistana xeyir gətirməyəcək”, – deyə Ayxan Hacızadə qeyd edib.

XQ

Siyasət