Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.
Federasiyadan XQ-ə bildirilib ki, 71 kiloqram çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.
Döyüş S.Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kiloqram) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.
Ona "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi bir qələbə kifayət edəcək. S.Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.