Spiegel: Ukrayna Almaniya və Britaniya arasında dairəvi mübadilə yolu ilə qanadlı raketlər alacaq
Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Berlin Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun raketlərin Ukraynaya sonrakı təhvil verilməsi üçün dairəvi mübadilə təklifini nəzərdən keçirməyə hazırdır. Bu barədə “Der Spiegel” yazır.
Xüsusilə, Almaniya Böyük Britaniyaya “Taurus” qanadlı raketləri verə bilər və bunun müqabilində Britaniya tərəfi “Storm Shadow”u Ukraynaya ötürəcək. Beləliklə, Almaniya Ukrayna qoşunlarını qanadlı raketlərlə təmin etmək məsuliyyətindən rəsmən azad olacaq.
Nəşr yazır ki, xanım Berbok belə sxem vasitəsilə Kiyevi qanadlı raketlərlə təmin etmək barədə cənab Kemeronun təkliflərinə açıqdır.
Keçən həftə cənab Kemeron bildirmişdi ki, London Berlinə Almaniyanın “Taurus” qanadlı raketlərinin Ukraynaya tədarükü ilə bağlı məsələlərin həllində yardım göstərməyə hazırdır. Nazirin sözlərinə görə, bu cür qanadlı raketlərin Kiyevə tədarükü münaqişənin genişlənməsinə səbəb olmayacaq, çünki ötürücü tərəf onların istifadəsinə məhdudiyyətlər qoya bilər.