Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) təşkilatçılığı ilə idman paradı keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əliyev 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününün önəmindən danışıb. Qeyd edilib ki, bu əlamətdar gün ölkəmizdə kütləvi idman tədbirləri ilə qeyd edilir.
Bakının 12 rayonunu təmsil edən gənclər paraddan keçiblər.
Tədbirin rəsmi hissəsindən sonra müxtəlif idman növlərində nümunəvi çıxışlar nümayiş etdirilib.
Daha sonra gənclərin iştirakı ilə fləşmob olub. Tədbir “Birkimibirlikdə” şüarının səsləndirilməsi və göyərçinin havaya buraxılması ilə başa çatıb.
Leyla SABİRQIZI
XQ