5 Mart – Bədən Tərbiyəsi və İdman Günündə Azərbaycanın “İdman paytaxtı” Qubada xüsusilə bayram ovqatı yaşanıb. Bu əlamətdar gün münasibəti ilə start götürən “İdman həftəsi” rayon mərkəzində təntənəli paradla başa çatıb.
Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Bədən Tərbiyəsi və İdman Gününün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu əlamətdar gün ölkəmizdə kütləvi idman tədbirləri ilə geniş miqyasda qeyd edilir.
Gənclər və idman naziri Fərid Qayıbov idman bayramı münasibətilə hər kəsi təbrik etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə idmanımız böyük tərəqqiyə nail olub. Ölkəmizdə çox sayda olimpiya idman kompleksləri inşa edilib, idmançılara diqqət və qayğı göstərilib. Bu müdrik siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün dünyanın ən böyük idman ölkələrindən birinə çevrilib.
Nazir çıxışında sonra qeyd etdi ki, tədbirdə xarici ölkələrdən qonaqlar da iştirak edir. Rəsmi çıxışlardan sonra 2024-cü ilin idman səfirləri - taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov idman ictimaiyyətinə təqdim edildilər.
Paradda idman federasiyaları, olimpiya mükafatçıları, Avropa çempionları və Quba şəhərinin sakinləri iştirak etdilər. Tədbir daha sonra bədii hissə ilə davam etdirildi. Bununla da, “İdman həftəsi” böyük coşqu ilə keçən paradla başa çatdı.
Aliyə Paşayeva “XQ”yə eksklüziv müsahibəsində “İdman səfiri” seçildiyinə görə çox şad olduğunu dedi. O, ölkəmizin inkişafında bədən tərbiyəsi və idmanın mühüm rolunu, uşaq və gənclərin sağlamlığında önəmini vurğuladı.
Qubada idman paradını izləyən rayon sakinləri də təəssüratlarını “XQ” ilə bölüşdülər. Onlardan biri, Əməkdar məşqçi, kikboksinq üzrə millinin böyük məşqçisi Telman Məhərrəmov rayonda gənclərin idmana böyük həvəs göstərdiklərini, idman həftəsi çərçivəsində keçirilən tədbirlərin onların ürəyincə olduğunu dedi:
– Çox möhtəşəm bir parad izlədik. Yetirmələrim də bu tədbirə qatılmışdılar. Ümumiyyətlə, həftə ərzində rayonumuzda çoxlu yarış və tədbirlər keçirildi ki, bu da hamının ürəyindən idi.
Leyla QURBANOVA,
Şahanə XANKİŞİYEVA,
XQ-nin xüsusi müxbirləri
Bakı–Quba–Bakı