Azərbaycan güclü idman ölkəsi kimi öz mövqeyini getdikcə möhkəmləndirir

post-img

Ölkəmizin idman ictimaiyyəti hər il 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününü yüksək səviyyədə, böyük fəallıqla qeyd edir. Gələcəyimiz olan gənc nəslin mənəvi və fiziki cəhətdən sağlam yetişməsində, vətənpərvərlik tərbiyəsində, yüksək keyfiyyətlərə yiyələnməsində mühüm rol oynayan idman ölkəmizdə uğurla inkişaf edir.

Dünyanın ən mötəbər yarışlarında – Olimpiya, Paralimpiya oyunlarında, dünya, eləcə də Avropa çempionatlarında, həmçinin digər nüfuzlu turnirlərdə qazanılan qələbələr, respublikamızın demək olar ki, bütün bölgələrində qurulan mükəmməl idman infrastrukturu beynəlxalq dairələrdə də dönə-dönə vurğulandığı kimi, Azərbaycanı getdikcə möhkəmlənən, qabaqcıl idman dövlətinə çevirib.

İnsan həyatının ayrılmaz tərkib hissəsi olan idmanın ölkəmizdə geniş vüsət alması təsadüfi deyil. Bu sahə dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də məhz bu qayğının parlaq göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Bu, Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir tarixdir. Məhz 1995-ci il martın 5-də Ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan bu gün dünyada həm də, idman dövləti kimi diqqət mərkəzindədir.

Təqdirəlayiq haldır ki, bu gün ölkəmizin hər yerində idmanla məşğul olmaq üçün geniş imkanlar mövcuddur. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edilib və bu proses davam etdirilir. Azərbaycan bu gün ən mötəbər idman yarışlarınınyüksək səviyyədə təşkili üçün müasir standartlara cavab verən infrastruktura malikdir. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun bariz nümunəsidir. Ölkəmizdə dünya, Avropa çempionatları, eyni zamanda Olimpiya Oyunlarının təsnifat turnirləri keçirilir. Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən birinci Avropa Oyunlarını Olimpiya Hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirilir. Formula 1, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışların təşkilatçılığı dünyaya nümunə kimi göstərilir.

Düşmən işğalından azad edilmiş ərazilərimizdə də idman obyektlərinin yaradılması üçün işlərin görülməsi planlaşdırılıb. Artıq azad edilmiş ərazilərdə beynəlxalq idman yarışlarının keçirilməsinə başlanılıb ki, bunun çox böyük tarixi əhəmiyyəti var. Şuşada beynəlxalq şahmat yarışının, Suqovuşanda beynəlxalq avarçəkmə yarışının təşkili, Zəngilanın Ağalı kəndində triatlonüzrə yarış keçirilib.

Sevindirici haldır ki, artıq doğma Xankəndimizdə idman tədbirləri keçiririk. Ötən il Azərbaycan Kuboku çərçivəsində MOİK – “Qarabağ” oyunu da bu qədim diyarda təşkil olunmuşdu. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı ənənəvi tədbirlər sırasında Xankəndi – Bakı ultramarafonun keçirilməsi xüsusilə vurğulanmalıdır. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil edilən Xankəndi – Bakı ultramarafonun təşkili tarixi hadisədir. “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən yarış fevralın 29-dan martın 4-dək davam edib. İdmançılar ümumilikdə 380 km məsafə qət ediblər.

Təqdirəlayiq haldır ki, bu il “İdman həftəsi” daha geniş miqyasda və kütləvi tədbirlərlə qeyd olunur. Fevralın 28-də startı verilən həftə bu gün Azərbaycanın “İdman paytaxtı” Qubada paradla başa çatacaq.

Azərbaycanda bu gün idman sahəsində əsl yüksəliş dövrü yaşanır və gələcəkdə daha böyük nailiyyətlər üçün əsaslı zəmin yaranır.

Azərbaycan alpaqutları əldə etdikləri uğurlarla idmanımızın inkişafına öz töhfələrini verməkdə davam edirlır. Ötən ay Dünya Alpaqut Federasiyası (DAF) Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyası (GAWSF) tərəfindən tanınaraq rəsmi üzvlüyə qəbul edilmişdir. Bu ilin sonuna kimi də Dünya Alpaqut Federasiyası bir sıra uğurlara imza atmağı hədəfləyir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Ölkəmizdə elə vətənpərvər gənc nəsil yetişib ki, onlar həm fiziki, həm mənəvi cəhətdən yenilməzdirlər. Bu gənclər idman arenalarında, həm də döyüş meydanında Azərbaycan bayrağını qaldırırlar.

Qarşıda idmançıları ciddi sınaq gözləyir. Dördilliyin ən mühüm idman yarışına artıq 5 aydan da az qalır. Komandamız Paris Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanmaq və növbəti olimpiadada da ölkəmizi layiqincə təmsil etmək üçün ciddi səy göstərir. Əminik ki, Azərbaycan dünyanın qabaqcıl idman dövlətləri arasında öz mövqeyini daha da möhkəmlədəcək.

Könül Nurullayeva,

Milli Məclisin deputatı, “Gənclər və İdman” komitəsinin üzvü, MOK-un İcraiyyə Komitəsinin üzvü, Dünya Alpaqut Federasiyasının I vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti



İdman