Paris Olimpiadasına doğru daha bir inamlı addım

post-img

“Böyük dəbilqə”nin 2-ci yarış günündə 2 qızıl medal

Bakıdakı cüdo üzrə nüfuzlu “Böyük dəbilqə” daha bir möhtəşəm yarış günü geridə qaldı. Olimpiadaya yüksək lisenziya xalları verən və 62 ölkədən 400-dən çox cüdoçunun mübarizə apardığı yarışın 2-ci günündə “Böyük dəbilqə”nin açıq favoriti və dünyanın bir nömrəsi Azərbaycanlı cüdoçu Hidayət Heydərov xüsusilə diqqət mərkəzində oldu. 

H.Heydərov həlledici qarşılaşmada tacikistanlı Abubakr Şerovla üz-üzə gəldi. Reytinq favoriti bu dəfə də ümidləri doğruldaraq rəqibi üzərində möhtəşəm qələbə qazanmaqla baş mükafata layiq görülüb. 

Onu da bildirək ki, Hidayət Heydərov 2023-cü il Avropa çempionatının qalibi, eyni zamanda ötənilki Tokio və Bakı “Böyük dəbilqə” yarışlarının qızıl medalçısıdır. O, öz kateqoriyasında Paris Yay Olimpiya Oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq ən güclü idmançıdır. 

Qarşılaşmadan sonra “XQ”yə müsahibə verən Hidayət Heydərov Bakı “Böyük dəbilqə”sində artıq 4-cü dəfə çempion olduğunu bildirdi. O, 2024-cü ilin ilk lisenziya xarakterli turnirində çempion adını qazanmaqdan məmnun olduğunu dedi:

– Arxayınlaşmaq olmaz. Növbəti yarışlara fokuslanmaq lazımdır. Qarşıdakı Avropa və dünya çempionatlarında çıxış edəcəyəm. Əsas hədəf çempion olmaqdır.

81 kiloqram çəki dərəcəsində isə Azərbaycan finalında Ömər Rəcəbli və Zelim Tçkayev öz aralarında qalibi müəyyənləşdiriblər. Rəqibini məğlub edən Zelim Tçkayev qızıl medala layiq görülüb. 

Xatırladaq ki, turnirin birinci günündə  Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, Bakı “Böyük dəbilqə”sinin qalibləri 1000, gümüş medal sahibləri 700, 3-cü yeri tutanlar isə 500 reytinq xalı qazanırlar. 

Leyla QURBANOVA 
XQ 

 

İdman