Avropa güləşində 5 qızıl medal

post-img

Kişi və qadın komandalarımız bununla ən yaxşı nəticə qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə komandamız tarixi nəticə əldə edib. İlk dəfə qitə birinciliyində 3 qızıl medal qazanan “klassiklər”imiz medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. 

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında komandamız ümu­milikdə 6 medal qazanıb. 

Nihat Məmmədli (60 kq) finalda moldovalı Viktor Çebanunu 8:3, Mu­rad Məmmədov (63 kq) isə həlledici görüşdə ukraynalı Aleksandr Qruşini 2:1 hesabı ilə məğlub edərək ilk dəfə Avropa çempionu adına layiq görü­lüblər. Ötənilki qitə çempionatının qalibi Həsrət Cəfərov (67 kq) titulunu qorumağı bacarıb. O, həlledici görüş­də rusiyalı Ruslan Biçurindən üstün olub – 8:5.

Komandamızın digər üzvləri Rə­şad Məmmədovla (55 kq) Ülvi Qəni­zadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal əldə edib­lər. 

Artıq ikinci dəfə Avropa çempio­nu tituluna yiyələnən Həsrət Cəfərov bu uğurların arxasında böyük əziyyət durduğunu deyib. O qeyd edib ki, tur­nirdən öncə Xorvatiyada yüksək sə­viyyəli təlim-məşq toplanışında iştirak edib:

–Əziyyət çəkdik və bəhrəsini gördük. Qarşılaşdığım idmançıların titullu olması görüşlərin çətin keçmə­sinə səbəb oldu. Mən heç bir görüşə özümdən razı şəkildə çıxmıram. Çün­ki bunu bir idmançı kimi özümə yaraş­dırmıram. Heç bir rəqibimi özümdən zəif hesab etmirəm.

H.Cəfərov Paris Yay Olimpiya Oyunlarına qədər daha bir yarışda mübarizə aparacağını bildirib. Dünya çempionatının finalında bəzi səhvlərə yol verdiyini qeyd edən güləşçi həmin səhvlərin üzərində işlədiyini vurğula­yıb. 

Medalların əyarına görə Avropa arenasında 1-ci yeri tutan yığmamız xallarla hesablama sisteminə görə, 142 xalla ardıcıl 2-ci dəfə yekun sıra­lamada ikinci pillədə qərarlaşıb. Milli­miz çempion olan Türkiyədən cəmi 5 xal geri qalıb.

* * *

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 2 qa­dın güləşçimiz qızıl medal qazanıb.

9 qat Avropa çempionu Mariya Stadnik (50 kq) 10-cu titul üçün xalça­ya çıxıb. O, həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb və 10:0 hesabı ilə qələbə qazanıb. Stadnik bununla da 10-cu dəfə qitənin ən güc­lüsü adını qazanıb.

Avropa çempionatlarının üçqat bürünc mükafatçısı Alyona Kolesnik (59 kq) ilk finalını uğurla başa vurub. O, ukraynalı Alina Filipoviçlə güləşib. Görüş 3:3 hesabı ilə başa çatsa da, Kolesnik son xalı qazandığına görə ilk dəfə Avropa çempionu olub.

Leyla QURBANOVA
XQ



İdman