“Köhnə qitə” “Avro – 2024”ə hazırlaşır

post-img

Bu ilin yayında Almaniya ikinci dəfə Avropa futbol çempionatına evsahibliyi edəcək. Qitənin futbol üzrə yığma komandalarının yarışı bu ölkədə ilk dəfə 1988-ci ildə keçirilib. Açılış oyunu iyunun 14-də Münxendə,  final isə  iyulun 14-də Berlində olacaq. Şübhə yoxdur ki, Avropanın 24 komandası çempionluq uğrunda olduqca gərgin mübarizə aparmalı olacaq. 

Avropa çempionatının tarixi

Futbol üzrə Avropa Çempionatı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən 1960-cı ildən hər 4 ildən bir, Dünya çepionatları yarışları arasında keçirilir. İlk turnir Fransada baş tutub və həmin yarışma Avropa Millətləri Kuboku adlanıb. Yarışın final mərhələsində 4 yığma komanda çıxış edib: SSRİ, Çexoslovakiya, Fransa və Yuqoslaviya. Yarışda uduzan komanda turniri tərk edirdi və ev sahibinin turnirdə birbaşa iştirak etmək imtiyazı yox idi. 

1968-ci ildə Avropa Millətlər Kuboku rəsmi turnir kimi tanınır və həmçinin futbol üzrə Avropa çempionatı titulunu alır. Turnirin finalı İtaliyada keçirilir və ev sahibi finalda qalib gələrək qızıl medal qazanır. 

İtaliyada keçirilən “Avro-1980” çempionatına qədər turnirin final mərhələlərində cəmi dörd komanda yarışırdı. 1980-ci ildən 1992-ci ilə qədər çempionatın finalında artıq 8 ölkənin yığma komandası mübarizə aparırdı. 1996-cı ildən onların sayı 16-ya, 2016-cı ildən isə 24-ə qaldırıldı. 

Beləliklə, Almaniyada baş tutacaq “Avro–2024” futbol üzrə Avropa çempionatının 17-ci final mərhələsi olacaq. 

Bu turnirə evsahibliyi etmək iddiasında olan ölkələr az deyildi. Məsələn, 2024 və 2028 Avropa çempionatlarının keçirilməsinə ilkin olaraq Danimarka, İsveç, Norveç və Finlandiya iddialı idilər. Hətta Estoniya və Niderland da öz istəklərini bəyan etmişdilər. Buna baxmayaraq, bu ölkələrdən heç biri rəsmi olaraq sifariş verməyiblər. 

“Avro–2024”ün təşkil edilməsi hüququna  yalnız Almaniya və Türkiyə rəsmən iddialı olublar. Avropa çempionatına ev sahibinin seçilməsi mərasimi 2018-ci ilin sentyabrında keçirilib. Səsvermədə UEFA İcraiyyə Komitəsinin 20 üzvündən 17-si iştirak edib və 17 səslə bu hüquq Almaniyaya verilib. Türkiyənin lehinə 4 üzv səs verib, bir üzv bitərəf qalıb. 

Beləliklə, “Avro–2024”ün bu il federativ respublikanın Berlin başda olmaqla 10 böyük şəhəri qəbul edəcək: 

Məlum olduğu kimi, ötən il dekabrın 2-də Hamburqun “Elb” filarmoniyasında “Avro–2024”ün final mərhələsinin püşkatma mərasimi keçirib.  Əvvəllər Futbol üzrə Dünya və Avropa çempionatlarının təsnifat mərhələsi seçmə qruplarda ikinci və üçüncü yerləri tutan komandalar arasında pley-off oyunları ilə başa çatırdı. İndi sistem fərqlidir – pley-offa 2022/2023 UEFA Millətlər Liqası turnirindəki çıxışlarına görə vəsiqə qazanırlar. Pley-off oyunları isə 2024-cü ilin mart ayının sonunda keçiriləcək.

Dekabrın 2-də keçirilən püşkatma mərasimində isə artıq komandaların hansı qruplarda mübarizə aparacağı  məlum olub – hər birində 4 komanda olmaqla 6 qrup. 24 komandadan 21-i artıq məlumdur. Qalan 3 vəsiqənin sahibi  2022–2023 UEFA Millətlər Liqasının qrup mərhələsinin 12 qalibi arasında keçiriləcək pley-off oyunlarında məlum olacaq. 

Turnirin ev sahibi Almaniya,  təbii ki, A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə milliləri ilə birlikdə yer alıb. B qrupunda isə hazırda çempion titulunu daşıyan İtaliya millisi ­İspaniya, Xorvatiya və Albaniya milliləri ilə qarşılaşacaq. Bu qrupu mütəxəssislər də, elə azarkeşlər də haqlı olaraq “ölüm qrupu” adlandırırlar. 

Azərbaycan azarkeşlərinin uğurları üçün dua edəcəkləri Türkiyə millisi isə F qrupunda Portuqaliya və Çexiya komandalarına rəqib olacaq. Qrupun dördüncü komandası gələn ay  Yunanıstan, Qazaxstan, Lüksemburq və Gürcüstan milliləri arasında keçiriləcək pley-off oyunlarından sonra məlum olacaq. 

“Avro–2024”ün final oyunu iyulun 24-də Berlində “Olimpiştadion” arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Avropa çempionatının həlledici oyununa biletlər UEFA vasitəsilə satılacaq və qiymətlərin 95 avrodan başlarayaraq 2 min avroya qədər olacağı ehtimal olunur.  

Yeri gəlmişkən, təşkilat komitəsi bildirib ki, biletlərin bölüşdürülməsinin ilk mərhələsi başa çatıb. UEFA-nın məlumatına görə, bu mərhələdə 1,2 milyon biletə 20 milyon sifariş verilib. Püşkatmadan sonra 1 milyon bilet öz sahiblərinə çatdırılıb. Daha 500 min bilet martda keçiriləcək pley-off oyunlarından sonra satışa buraxılacaq. Ümumilikdə, “Avro–2024”ün 51 matçına 2,7 milyon bilet satılacaq. Onların hamısı fərdiləşdirilib və yalnız elek­tron şəkildə buraxılır. 

Turnirin tarixində ən yaxşı komandalara gəldikdə isə, onlardan ən böyük uğurlara imza atan Almaniya millisidir. Belə ki, almanlar 3 dəfə – 1972, 1980, 1996-cı illərdə bu turnirin qalibi olublar və 3 dəfə – 1976, 1992 və 2008-ci ildə Avropa Çempionatının finalına vəsiqə qazanıblar.  

Sonra İspaniya millisi gəlir. İspanlar da 3 dəfə – 1964, 2008 və 2012-ci illərdə Avropa çempionatının qalibi olublar, 1984-cü ildə isə finala çıxıblar. “Top 3”-ü iki kubok (1968, 2020) və finala 2 vəsiqə ilə İtaliya millisi bağlayır. 

 Ev sahibi olan Almaniya millisi bu oyunlara çox ciddi hazırlaşır. Çünki komanda 2018 və 2022-ci il Dünya çempionatlarında çox bərbad oyunu ilə yadda qalıb. Belə ki, hər iki turnirdə Almaniya yığma komandası heç qrupdan belə çıxa bilməmişdi. Hətta  ötən il keçirilən yoldaşlıq görüşlərində çox uğursuz nəticələr sərgilədi. 2023-cü ildə bundestim bir təqvim ili ərzində öz antirekordunu təkrarladı – 11 matçda 3 qələbə, 2 heç-heçə və 6 məğlubiyyət. Həm də bu məğlubiyyətlər dünyanın futbol nəhəngləri hesab edilməyən Yaponya, Türkiyə və Avstriya milliləri tərəfindən gəlib.  Ona görə də “Avro–2024”də alman azarkeşlərinin öz millilərindən gözləntiləri böyükdür. 

Kim nə qədər qazanacaq?

Bu Avropa çempionatında qaliblərin və iştirakçıların nə qədər qazanacaqları da  tamaşaçılar üçün maraq doğuran məsələlərdəndir. 2024-cü il Avropa çempionatının mükafat fondu 331 milyon avro təşkil edir. Turnirin bu mərhələsində iştirak edəcək hər bir milli komanda 9,25 milyon avro alacaq. UEFA hər matçda qələbəyə görə 1 milyon avro, heç-heçəyə 500 min avro verəcək. 1/8 finala vəsiqəni təmin edən komanda 1,5 milyon avroya sahib olacaq. 1/4 finala çıxan milli komanda 2,5 milyon avro, yarımfinala yüksələn yığma isə 4 milyon avro qazanacaq. 

“Avro–2024”ün vitse-çempionunun hesabına 5 milyon avro, çempionun hesabına isə 8 milyon avro köçürüləcək. Avropa çempionunun mükafatının məbləği, əgər qrup turnirində də bütün rəqiblərinə qalib gəlibsə,  ümumilikdə 28,25 milyon avro təşkil edəcək.

Bəs çempion kim olacaq?

“Avro–2024” yarışmasının əsas favoritləri kimi Fransa və İngiltərə milliləri göstərilir. Fransızlar 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatının qalibi oldular və 4 il sonra – 2022-ci il Qətərdə finala yüksəlsələr də, penallaşmada argentinalılara məğlub oldular. İngilislər də 2021-ci ildə keçirilən “Avro–2020”nin finalına vəsiqə qazandılar, lakin onlar da doğma “Uembli” stadionunda penallaşmada İtaliya millisindən məğlubiyyətin acısını yaşamalı oldular. 

“Favoritlər üçlüyü”nü Almaniya millisi tamamlayır. Ev sahiblərinin dördüncü dəfə Avropa çempionu olması o qədər də real görünmür, lakin fikirləşəndə ki, bu, futboldur, o zaman heç nəyin istisna olmadığını etiraf etməli olursan. 

İlqar ÇAYRUDLU 
XQ

 



İdman