Sumqayıt stadionunun yeni həyatı

post-img

Bu arenada beynəlxalq yarışlar da keçirmək mümkündür

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi olacaq. Əvvəl populyar müğənnilər Hiss və "Sumqayıt uşağı" Murad Arif konsert proqramı ilə çıxış edəcəklər. Ardınca isə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Sumqayıt” – “Neftçi” görüşü keçiriləcək.

İnşasına 1954-cü ildə qərar verilən, ti­kintisi 1963-cü ildə başlayan, açılışı isə 3 il sonra baş tutan arenada ilk oyun SSRİ çempionatının B qrupunda yarışan “Po­lad” və “Belaya Kolitva” arasında olub. Matçda Telman Salahovun vurduğu ye­ganə qolla sumqayıtlılar qalib gəliblər. 

Onda bu sətirlərin müəllifinin 9 yaşı vardı. Minlərlə azarkeş yeni stadiona axışırdı. Biz “dəcəllər” də ora can atır­dıq, amma dolu trolleybusa minə bilmə­diyimiz üçün onun arxa tərəfindəki dəmir nərdivana dırmaşıb ta stadiona qədər o vəziyyətdə getdik. Orada isə böyüklərin arasından birtəhər sivişərək, içəri biletsiz keçə bildik. İkinci Dünya müharibəsinin əfsanəvi partizanı “Mixaylo”nun adının verildiyi stadionda ilk top kimi tarixə düşən qələbə qolunu biz də ürəkdən alqışladıq.

Ona qədər Sumqayıtda, demək olar, bütün idman yarışlarının əsas məkanı olan “İnşaatçı” stadionunu bir növ dəbdən salan yeni stadion get-gedə bir çox idman hadisələri ilə zəngin oldu. SSRİ dövründə və sonralar Sumqayıtın müxtəlif adlarla – “Polad”, “Kimyaçı”, “Xəzər”, “Gənclərbir­liyi” kimi çıxış edən komandaları burada sumqayıtlılara az sevinc bəxş etməyib. Futbol təqvimlərini əzbər bilirdik, hər oyun bizim üçün əsl bayrama çevrilirdi. Bir qə­dər sonra biz, ilk qolun müəllifi olmuş, sonralar Əməkdar məşqçi kimi tanınmış Telman Salahovun rəhbərlik etdiyi futbol bölməsinə də yazıldıq. Bu, bizə həm də böyüklərin bütün oyunlarına, necə deyər­lər, havayı baxmaq imkanı verirdi. 

O da yadımızdadır ki, 1985-ci ildə Çin yığmasının iştirakı ilə gənclər arasın­da dünya birinciliyinin bir qarşılaşmasını necə həyəcanla izlədik. O vaxt SSRİ ilə Çinin arası yox idi, buna baxmayaraq, azarkeşlər daha yaxşı oynayan çinlilərə “bolet” edirdilər. Müstəqillik illərinin əvvəl­lərində isə dəfələrlə elə olub ki, Azərbay­can klublarının avrokuboklarda oynaması üçün Bakıdakı arenalar deyil, məhz bu stadion UEFA tərəfindən bəyənilib. Azər­baycan Superkubokunun görüşləri də burada təşkil edilib. “Sumqayıt” klubunun oyunları zamanı tribunalarda boş yer ol­murdu. 

Yeniyetmə çağlarımızın sevimli mə­kanı olan bu stadionda kimləri görmə­dik? – Lobanovski, Bəhramov, Aniçkin, Banişevski, Axundov, Çançanaşvili, Tu­ayev, Kramarenko, Yaşar və Adil Baba­yevlər, sumqayıtlılar Abbasov, Əsədov və başqaları... Sonralar 1–2 dostumla mən futboldan ayrılıb, elə həmin bu arenada, “Neftçi” idman cəmiyyətinin boks bölmə­sində məşqlərə getdik. Bir tərəfdə boks, digər tərəfdə isə güləş zalları yerləşirdi. Arenanın 2-ci mərtəbəsindəki böyük zal­dakı rinqdə ilk yarışlara çıxmağımız da yadımdadır... 

Şərhçi Vüqar Xeyrullayevin xatır­latmasına görə, 1992-ci ildən başlayan Azərbaycan çempionatlarına elə ilk gün­dən Mehdi Hüseynzadə adına stadion da qucaq açıb. Mayın 3-də Sumqayıt və Lənkəranın “Xəzər” komandaları üz-üzə gəlib. Meydan sahiblərinin 5:0 hesablı dar­madağını ilə bitən görüşdə Nazim Əliyev het-trikə sevinib. Bu, yarışın tarixində bir futbolçunun 3 qol vurduğu ilk matç olub. Sumqayıtın əsas arenasındakı son çem­pionat görüşü isə 2013/14-cü illər mövsü­mündə keçirilib. 2014-cü il mayın 12-də Azərbaycan çempionluğunu təmin edən “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Mat­çın taleyini bir top həll edib. Məhəmməd Qurbanovun 49-cu dəqiqədə vurduğu qol Qurban Qurbanovun komandasını məyus edib... Sonra təmirə dayanan stadionu ta­maşaçı tutumu çox az olan “Kapital Bank Arena” əvəz edib. İndi, 1350 tamaşaçının izlədiyi axırıncı qarşılaşmadan 10 il sonra başdan-başa yenidən qurulmuş bu idman qurğusunda yenə Premyer Liqa görüşü – ölkə çempionatlarının 32 illik tarixində sayca 279-cu rəsmi oyun keçiriləcək. “Qa­rabağ”la matçdan düz 3555 gün sonra, yəni bu gün axşam “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. 

Bəli, uzaq 1966-cı ildə bu arenada ke­çirilən ilk oyunda da, 10 il əvvəl baş tutan son matçda da sumqayıtlılar 1:0 hesablı qələbə qazanıblar. Görək, bugünkü görüş necə bitəcək...

Əli NƏCƏFXANLI
XQ

İdman