Festivalların təşkilində məqsəd təbliğatı artırmaqdır

post-img

“İdman Filmləri və Milli Televiziya Festivalı” iki ildən bir keçiriləcək. İlk layihənin uğurlu alınması növbəti festivalların təşkili üçün şərait yaratdı. 

“XQ” xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə festivala həsr olunmuş mətbuat konfransından sonra jurnalistlərə müsahibəsində vurğulayıb. 

O qeyd edib ki, 2022-ci ildə keçirilən ilk tədbir MOK-un 30 illik yubileyinə həsr olunmuşdu:
–Festival həmin vaxt uğurlu alınmışdı. Bu səbəbdən tədbiri daimi etmək istədik. Yeni layihələrin üzə çıxarılması üçün işlər görürük. Festivalın iki ildən bir təşkili qərara alınıb. Çünki qısa müddət ərzində çox material ərsəyə gətirmək çətindir. Yanvarın 16-da hazırkı layihənin açılışı olacaq.

Qurum rəsmisi qeyd edib ki, hər zaman Olimpiya idman növlərinin inkişafı üçün səy göstərilib. Layihədə məqsəd bu sahədə təbliğatı daha da artırmaq, həmçinin telekanallar və federasiyaların bu işdə fəal iştirakı üçün motivasiya yaratmaqdır. 

Vurğulanıb ki, son illər mediada idmançılarla bağlı proqramların sayı artıb. Əvvəllər idmançılar haqqında materiallar az olduğuna görə çətinliklər yaranırdı. Hazırkı layihəni təşkilində məqsədlərdən biri də, bu işi daha da genişləndirməkdir.

Leyla Qurbanova

XQ

İdman