Azərbaycan Gimnastika Federasiyası və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasının yardımçı zalında akademiya tələbələri arasında idman gimnastikası üzrə “Rektor kuboku” yarışı keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirin açılış mərasimində əvvəlcə Ulu öndərin idman sahəsinə verdiyi töhfəni əks etdirən videoçarx nümayiş etdirilib.
ADBTİA-nın rektoru Fuad Hacıyev Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə bir çox yarışların uğurla təşkil olunduğunu bildirib.
Yarışda 8 komandanın tərkibində akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan 130-dək tələbə qüvvəsini sınayıb. Komanda yarışında “Zəngilan” 1-ci, “Füzuli” 2-ci, “Şuşa” isə 3-cü pillədə qərarlaşıb. Qrup çıxışında “Şuşa” 1-ci, “Füzuli” 2-ci, “Zəngilan” komandası isə 3-cü olub. Fərdi çoxnövçülükdə “Zəngilan” komandasının təmsilçisi Rəşad Məmmədov qızıl medal qazanıb. “Füzuli” komandasını təmsil edən tələbələr Rahib Məmmədov gümüş, Vüsal Səmədov isə bürünc medala sahib çıxıb.
Sonda yarışda fərqlənmiş gimnastlara mükafatlar təqdim edilib.
Leyla SABİRQIZI
XQ