Bu gün Qəbələdə dünyanın məşhur qrosmeysterlərindən biri, görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Vüqar Həşimov Memorialı” start götürür.
Ölkəmizdə sayca 9-cu dəfə keçirilən turnirin iştirakçıları dünən – yarış ərəfəsində Bakıda II Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət ediblər.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qrosmeysterlə bağlı xatirələrini yada salıb və onun qazandığı uğurlardan söz açıb. Vüqar Həşimovun dünya şahmatında əldə etdiyi nailiyyətlərin hər zaman qürurla xatırlanacağını bildirib:
– Hər bir azərbaycanlı Vüqar Həşimovla fəxr etməlidir. Gənc şahmatçılar üçün Vüqar Həşimovun oyunları bu gün bir dərslikdir. Nə qədər ki şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq.
Mahir Məmmədov turnirdə 4 ölkədən tanınmış şahmatçıların iştirak etdiklərini vurqulayıb. O qeyd edib ki, yarışa ilk dəfə olaraq gənc şahmatçımız Aydın Süleymanlı da dəvət edilib. Turnirin rapid və blits növündə vaxt nəzarəti ilə keçiriləcəyini bildirən qurum rəsmisi maraqlı mübarizəyə şahidlik edəcəyimizi deyib:
– İnanırıq ki, turnir çox yaxşı keçəcək və gözəl təşkilatçılıqla yadda qalacaq.
M.Məmmədov Azərbaycan şahmatçılarının bu il əldə etdikləri nailiyyətlərlə bağlı da fikirlərini bölüşüb. O qeyd edib ki, 8-12 yaşlı şahmatçılarımız dünya birinciliyində 4-ü qızıl olmaqla, 7 medal qazanıb. Ayan Allahverdiyeva 18 yaşadək qızlar arasında dünya birinciliyinin qalibi olub. Qadın şahmatçılarımız komandalar arasında Avropa çempionatında sonadək qızıl medal uğrunda mübarizə aparsalar da, sonda fürsəti əldən veriblər. Gövhər Beydullayeva və Məhəmməd Muradlının İtaliyanın Sardinya adasında 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatının qalibi olduqlarını vurğulayan M.Məmmədov uğurlu nəticələrimizin 2024-cü ildə də davam edəcəyinə əmin olduğunu bildirib.
Dünya şöhrətli qrosmeysterimiz Şəhriyar Məmmədyarov “Vüqar Həşimov Memorialı”nın Azərbaycanda şahmatın inkişafına töhfə verdiyini bildirib. O Vüqar Həşimov Şahmat Akademiyasında təhsil alanlar şahmatçıların da gələcəkdə bu turnirin iştirakçılarına çevriləcəyinə inandığını vurğulayıb.
İsrail şahmatçı Boris Gelfand Vüqar Həşimovun dünya şahmatında özünəməxsus yeri olduğunu söyləyib. Yarışda iştirakla bağlı Azərbaycandan gələn təklifi məmnunluqla qəbul etdiyini deyən tanınmış şahmatçı onları maraqlı oyunların gözlədiyini deyib.
Qeyd edək ki, bu gün Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində memorialın açılış mərasimi keçiriləcək. Açılışdan sonra rapid üzrə ilk turun oyunları baş keçiriləcək. Yarışın ilk üç günü rapid, son gündə isə blits üzrə oyunlar olacaq. Bütün partiyalar turnirin rəsmi saytı ilə yayımlanacaq. Partiyaları Murad Həşimov və Kənan Qarayev şərh edəcəklər. Vüqar Həşimov Memorialının baş hakimi beynəlxalq qrossmeyster İlahə Qədimovadır.
Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən superturnirdə ümumilikdə 10 şahmatçı – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı, Santoş Vidit, Arjun Eriqaisi (Hindistan), Riçard Rapport (Rumıniya), Yorden van Forest (Niderland) və Boris Geifand (İsrail) iştirak edir.
Xatırladaq ki, “Vüqar Həşimov Memorialı” ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Yarışda dəfələrlə dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il) dəfə qalib adını qazanıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2016-cı və 2017-ci illərdə, ABŞ təmsilçisi Fabiano Karuana 2021-ci ildə, özbəkistanlı Nodirbek Abdusattorov isə 2022-ci ildə birinci yeri tutublar.
Q.LEYLA
XQ