Qədir Hüseynov Azərbaycan çempionu oldu

post-img

Şahmatın rapid və blits növləri üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub. Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıb. 

Azərbaycan Şahmat Federasiyasından XQ-yə bildirilib ki, yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib. İki yarışın yekununa əsasən, 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub. 

Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutub. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə Əhməd Xaqan müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərdə üstün olan Kənan Qarayev turniri üçüncü yerdə başa vurub. 

Kişilər arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 5000 manat təşkil edib. 

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyır. Reqlamentə əsasən, ilk üç yeri tutacaq şahmatçılar ölkəmizi mundiallarda təmsil etmək hüququ qazanıb.

Elçin ABBASOV
XQ

İdman