Üzgüçülük üzrə ölkə kuboku start götürüb

post-img

Bakı Su İdman Sarayında üzgüçülük növü üzrə Azərbaycan Kubokuna start verilib. Azərbaycan Üzgüçülük Federasiyasından XQ-yə verilən məlumata görə, 4 gün davam edəcək yarışda respublikanın müxtəlif bölgələrindən hesabında 200 FİNA xalı olan 120-yə yaxın idmançı iştirak edir.

Turnirin açılış mərasimində bütün ölkəni təmsil edən idmançıların paradı təşkil olunub, Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Fəxri Həsənov, müavini Tamerlan Abdullazadə, AÜF-nin icraçı direktoru Kamran Hüseynov iştirak ediblər. 

Şəxsi xarakter daşıyan ölkə kubokunda bütün iştirakçılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparırlar. Kubok uğrunda yarışda ilk pillənin qalibindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunacaqlar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Bakı Su İdman Sarayının dəstəyi ilə keçirilən ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq.

 

Elçin ABBASOV

XQ



İdman