Azərbaycan şahmatçıları Almaniya komandasını məğlub etdi

post-img

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun oyunları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından XQ-yə bildirilib ki, kişi şahmatçılardan ibarət millimiz hesabat turunda Monteneqronu məğlub edib. Bu turda Azərbaycan millisində Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıblar. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıblar. Yekunda milli 3-1 hesablı qələbəni aktivinə yazdırıb. 

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5-1,5 hesabı ilə qələbə qazandırıb. 

V turdan sonra kişilərdən ibarət Azərbaycan komandası 6 xalla 9-cu yerdədir. Hərəyə 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandaları turnir cədvəlinə başçılıq edir. 

Bu gün Avropa çempionatında istirahət günüdür. Noyabrın 17-də keçiriləcək VI turda kişilərdən ibarət Azərbaycan komandası Yunanıstanla, qadın şahmatçılar isə Bolqarıstanla mübarizə aparacaq.

 

Elçin ABBASOV

XQ

İdman