“Sabah”ın yubiley qolu

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan paytaxtın “Sabah” klubu ölkə çempionatlarındakı ümumi qol sayını 200-ə çatdırıb. XQ Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu qol ölkə çempionatının XIII turuna təsadüf edib. 

Belə ki, həftə sonu “Sabah” klubu “Turan Tovuz”la qarşılaşıb. Həmin görüşdə vurulan ilk qol yubileylə əlamətdar olub.

Bundan başqa, paytaxt təmsilçisi 2018/2019 mövsümündən çıxış etdiyi elitada 60-cı dəfə 3 xalın sevincini yaşayıb. Bu həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub. Bakılılar “60”a 153-cü, “30”a isə 77-ci oyunda çatıblar.

“Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin vaxt səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənmişdi.

Qeyd edək ki, “Sabah” “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.

Elçin ABBASOV

XQ

İdman