Monteneqro Respublikasının Adriatik dənizi sahillərində yerləşən Budva kurort şəhəri noyabrın ikinci ongünlüyündə əsl şahmat Məkkəsinə çevrilib, qitəmizin qədim və müdrik oyun həvəskarlarının diqqət mərkəzində olacaq. Zəka sahiblərinin milli komandalar arasında növbəti Avropa çempionatı tədricən finişə yaxınlaşan 2023-cü ildə qrossmeysterlərin ən mötəbər yarışlarından biri kimi yadda qalacaq.
Artıq məşhur chess-results.com saytında beşulduzlu “Splendid” hotelinin konfrans salonunda keçiriləcək turnirlər haqqında ətraflı məlumat verilmiş, həm kişilərin, həm də qadınların yarışlarında iştirak edəcək komandaların sayı, heyətləri, reytinq göstəriciləri diqqətə çatdırılmışdır. Həmin göstəricilərlə biz də yaxından tanış olaq.
Kişilərdən ibarət komandaların yarışında Avropa çempionatının medalları uğrunda 38 heyət mübarizə aparacaq. Reytinqə görə onların siyahısına 2700 əmsalla Azərbaycan millisi başçılıq edir. Birinci üçlüyə həmçinin Rumıniya (2681) və Almaniya (2677) daxildir. Türkiyə yığması (2591) siyahıda 15-cidir.
Burada öz tərəfimizdən razılıq hissi ilə əlavə edək ki, Azərbaycan komandası Avropa çempionatlarının 3 dəst qızıl medalının sahibidir. Qrossmeysterlərimiz 2009-cu ildə Novi Saddan (Serbiya), 2013-də Polşanın paytaxtı Varşavadan, daha dörd il sonra isə Yunanıstanın Krit adasından vətənə çempion kimi qayıtmışlar. Bundan əlavə, komanda bir dəfə gümüş, bir dəfə də bürünc mükafatçı olmuşdur.
Budvada millimiz öz tarixində dördüncü dəfə Azərbaycanı qızıl medalla sevindirmək əzmindədir. Bu məqsəd uğrunda komanda belə heyətlə mübarizə aparacaq: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli. Yığmanın kapitanı Qədir Hüseynovdur.
Qadın komandalarının Avropa çempionatında 32 ölkə təmsil olunacaq. Azərbaycan millisi (2391) siyahıda Gürcüstandan (2463) sonra ikinci pillədədir. Üçüncü mövqedə Almaniyadır (2382). Türkiyə 2203 əmsalla 22-cidir. Qardaş ölkə komandası heyətində Azərbaycan şahmat məktəbinin yetirməsi Xəyalə İsgəndərova da vardır.
Qitə birinciliklərinin üçqat bürünc mükafatçısı olan həmvətənlərimiz turnirdə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Xanım Balacayevadan ibarət heyətlə çıxış edəcəklər. Komandanı çempionata Mixail Şereşevski və Yevgeni Tomaşevski hazırlayırlar.
Doqquz turdan ibarət yarışa noyabrın 11-də start veriləcək. Çempionatın qalib və mükafatçıları təbrikləri noyabrın 20-də qəbul edəcəklər.
Zəka sahiblərimizi Adriatik sahillərində özlərini Xəzər sahillərindəki kimi inamlı hiss edib, medallar uğrunda gərgin mübarizədə baş rollarda görmək arzusu ilə.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

