Azərbaycan idman zəfərləri zirvəsində

post-img

Taleyin hökmü ilə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin 20-ci ili Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilinə təsadüf etmişdir. Əlbəttə ki, bu, xoş məqamdır. Üstəlik də, Ümummilli liderin uzun illər ərzində yorulmaz fəaliyyəti ilə həyatın bütün sahələri kimi, idmanın da inkişafı naminə göstərdiyi böyük xidmətlər, bunun da əsasında yaranmış gözəl ənənələr bu gün İlham Əliyev tərəfindən layiqincə davam etdirilib, daha da zənginləşdirilir.

Son iyirmi ildə Azərbaycan idmanında baş vermiş xoş dəyi­şiklikləri, paytaxt Bakı ilə yanaşı, respublikamızın digər şəhər və rayonlarında, o cümlədən, erməni işğalından tamamilə azad olunmuş gözəl və məğrur Qarabağımızda inşa edilən müasir idman bazala­rını, dünya və Avropa çempionat­larında, Olimpiya və Paralimpiya Oyunlarında qazanılmış qələbə və medalları, onların sahiblərini xatırlayanda çox şey yada düşür. Bu hadisələrin hamısını bir qəzet məqaləsinə sığışdırmaq, təbii ki, mümkün deyil. Ancaq bəzi nadir məqamlar üzərində dayanıb, onları xüsusi qeyd edək.

Ondan başlayaq ki, İlham Əliyevin ölkəyə rəhbərliyinin elə birinci ilində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mənzil-qərarga­hından alınan bir xəbər dövlət baş­çısının idmanın, beynəlxalq olimpi­ya hərəkatının inkişafına göstərdiyi qayğının xoş müjdəçisi oldu. Həmin xəbərdə bildirilirdi ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitə­sinin rəhbəri cənab İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsi rəh­bərliyinin yekdil qərarı ilə idmanın, olimpiya hərəkatının inkişafına verdiyi töhfəyə, bu mühüm işə sə­daqətlə xidmət etdiyinə görə BOK-un ali mükafatı Olimpiya Ordeninə layiq görülmüşdür.

Bu qərarın Olimpiya oyunları ili olan 2004-cü ildə, həm də olimpi­adaların vətəni Yunanıstanın pay­taxtı Afinada qəbul olunması da maraqlı məqam idi. Azərbaycan Prezidenti və Milli Olimpiya Komitə­si rəhbərinin bədən tərbiyəsi və idmanın, olimpiya hərəkatının inki­şafına, sağlam və möhkəm gənclə­rin tərbiyəsinə göstərdiyi qayğı və diqqətə yüksək dəyər verilmişdi. İl­ham Əliyevin artıq 27-ci ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edib, bütün idman təşkilatlarımızı vahid komanda şəklində birləşdirdiyini də vurğulayaq.

İkinci məqam. 2009-cu ilin sent­yabr ayı. Gənclər arasında cüdo üzrə Avropa çempionatı. Burada elə həmin ayın 15-də dərc etdirdi­yim “Tatami ustalarımız Ermənis­tanı əzəmətli Azərbaycan himninin sədaları altında tərk etdilər” sər­lövhəli yazıya müraciət etmək istə­yirəm:

“İrəvanda gənclər arasında cüdo üzrə Avropa çempionatının sonuncu günü Elmar Qasımovun fantastik qələbəsi həmvətənləri­mizin bu çox məsul yarışda par­laq çıxışlarının bəzəyinə çevrildi. Tatami üzərində rəqiblərinə aman verməyən istedadlı cüdoçumuz onların hamısı üzərində vaxtından əvvəl qələbə qazanaraq, fəxri kür­sünün zirvəsində dayanmağa la­yiq olduğunu inamla sübuta yetirdi və 100 kq çəki dərəcəsində onun çempionluğu şərəfinə idman sara­yında milli bayrağımız ən yüksəkdə dalğalandı, Azərbaycan himninin əzəmətli melodiyaları səsləndi.

E. Qasımovla yanaşı, onun ko­manda yoldaşları da çempionatda böyük hünər göstərdilər. İlqar Muş­kiyev (55 kq) Vətənə gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Emi­noğlu (66 kq) və Ramin Qurbanov (81 kq) bürünc medallarla qayıtdı­lar. Onların qələbələri şərəfinə üç gün Azərbaycan bayrağı yüksəyə qaldırıldı, çempionatın finişində isə dövlət himnimiz səsləndirildi”.

Bu medallar cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə artan nüfuzunu təs­diq edən daha bir möhtəşəm nai­liyyət idi.

Üçüncü məqam. “Bakı-2015”in ən gözlənilməz, heç kimin ağlına belə gələ bilməyəcək anı. Artıq səkkiz ildir ki, bütün dünyada Avro­pa Oyunlarının vətəni kimi tanınan Azərbaycanda qəlbləri riqqətə gə­tirən bir məqam…

Birinci Avropa Oyunlarının on beşinci günü, 2015-ci il iyunun 26-da Heydər Əliyev adına İdman Sarayında paralimpiyaçı cüdoçula­rın turniri başa çatdıqdan sonra ta­rixdə ilk Avropa Oyunlarının çempi­onu adını qazanmış İlham Zəkiyev tamamilə gözlənilməz təşəbbüsü ilə bir andaca hamını, sözün yaxşı mə­nasında, heyrətə gətirdi.

Paralimpiya Oyunlarının ikiqat çempionu, Azərbaycan idmanın­da ən hörmətli şəxsiyyətlərdən biri olan dünya şöhrətli həmvətənimiz Avropa Oyunlarında bütün rəqiblə­rinə qalib gələrək yenicə çempion olmuşdu. Tribunadan gərgin mü­barizənin gedişini diqqətlə izləyən Azərbaycan rəhbəri İlham Əliyev təşkilatçılar tərəfindən qalibləri mükafatlandırmağa dəvət olundu. Prezident tamaşaçıların alqışları altında qızıl medalı sahibinə təq­dim etdikdən sonra İ.Zəkiyev döv­lət başçısını da fəxri kürsüyə dəvət etdi və zirvədə onunla yanaşı da­yanıb, idman həvəskarlarına möh­kəm dəstəyə görə minnətdarlığını bildirdi.

Tarixi məqam idi. Həmin anı “Bakı-2015” birinci Avropa Oyunla­rının ən möhtəşəm qələbəsi kimi də qiymətləndirmək olardı. İlham Zə­kiyevin uğuru təkcə onun özünün yox, həm də Prezident İlham Əli­yevin, bütün Azərbaycan xalqının qələbəsi idi. Belə qələbələr tarixdə əbədi yaşayır. Çempionun hərəkəti isə idman dünyasına nümunə ola bilərdi.

İlham Əliyevin Azərbaycan Res­publikasına rəhbərliyinin iyirminci ilini həm də olimpiyaqabağı il olan 2023-cü ildə qeyd edirik. İdmanımı­zın ən yaxşı nümayəndələri gələn il Parisdə keçiriləcək Olimpiya və Pa­ralimpiya Oyunlarında sevimli Vətə­nimizi, qüdrətli dövlətimizi layiqincə təmsil etmək, onun idman şöhrətini daha yüksək zirvələrə ucaltmaq əz­mindədirlər. Əminik, dövlət başçısı, Milli Olimpiya Komitəsi Prezidenti­nin müdrik rəhbərliyi ilə bu məqsə­də də nail olunacaq!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman