“Cəsarətin Sultanı” – döyüşçülərin “Dədəsi”

post-img

Sumqayıtda Birinci Qarabağ müharibəsi qazisi, “Azərbaycan bayrağı” ordenli Sultan Bəndəliyevin 80 illik yubileyi qeyd edilib. 

Döyüş meydanlarında mərdliklə vuruşaraq ad qazanmış Sultan Bəndə­liyev Sumqayıtda hər kəsin hörmət-iz­zətlə yanaşdığı ağsaqqal qazidir. Hamı onu əsl vətənpərvər, prinsipial bir insan kimi tanıyır. Müharibədə bir ayağını itir­sə də, həyatda özünə çoxlu arxa-dayaq tapıb Sultan kişi. 

Sumqayıt Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatı İmamverdi İs­mayılov, şəhid ailələri, qazilər, yubilya­rın yaxınları, şəhər ictimaiyyətinin nü­mayəndələri iştirak edirdilər. Əvvəlcə Sultan Bəndəliyevə həsr olunmuş “Cə­sarətin Sultanı” adlı film nümayiş etdiril­di, ardınca vətənpərvərlik mövzusunda qısa tamaşa təqdim olundu.

Sonra Sumqayıt şəhər İcra Haki­miyyəti başçısının 1-ci müavini Teymur Səmədov, Vətən müharibəsinin iştirak­çısı, “Qarabağ” ordenli polkovnik-ley­tenant Ehtiram Məmmədov, Sumqayıt Şəhər Veteranlar Şurasının sədri, şə­hid atası Sovet Şükürov və yubilyarın döyüş yoldaşları çıxış edərək, onun üs­tün keyfiyyətlərindən, döyüş rəşadətlə­rindən danışdılar və ən xoş arzularını bildirdilər. 

Sultan Orduxan oğlu Bəndəliyev Laçın rayonunun Novruzalılar kəndin­də anadan olub. Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsinə qəbul olunub. Elə həmin il ordu sıralarına çağırılıb. Kazan şəhərində Kiçik Komandirlər Məktəbi­ni bitirərək Almaniyadakı sovet qoşun kontingentinin tərkibində xidmətdə olub. Beləliklə, həyatını hərb işinə həsr etməyi qərara alan Sultan daha sonra Kalininqrad Ali Hərbi Komandirlər Mək­təbinə göndərilib. 

Zabit kimi Vətənə qayıdan Sultan Bəndəliyev o zamankı Zaqafqaziya Hərbi Dairəsinin Göytəpə ərazisində yerləşən hərbi hissəsində xidmətə da­vam edib. Qüsursuz qulluq nümunə­si, zabit bacarıqları nəzərə alınaraq, Almaniyadakı 3-cü Zərbə Ordusuna xidmətə göndərilib. Dəfələrlə Kuba, Fələstin və Somalidə hərbi ezamiyyət­lərdə olub. Daha sonra onun xidmət yolu Ukraynadan və Əfqanıstandan ke­çib. 1984-cü ildə yenidən Zaqafqaziya Hərbi Dairəsinə qaytarılıb və xidmətini Bakıdakı Hərbi Hava Qüvvələrinin tər­kibində davam etdirib.

Qarabağ münaqişəsi başlananda artıq ehtiyatda olan zabit Sultan Bən­dəliyev yenidən hərbi libasını geyinib və Azərbaycanda ilk özünümüdafiə batalyonlarının yaradılmasında iştirak edib. 1992-ci ilin fevralından başlaya­raq, Ağdamda hərbi hissənin formalaş­dırılmasına və rabitə qurğularının yara­dılmasına yaxından köməklik göstərib. Döyüşlərin qızğın vaxtında həmin hərbi hissənin qərargah rəisi kimi mühüm əməliyyatlarda fərqlənib. Abdal-Gülab­lı, Aranzəmin, Naxçıvanik, Pircamal kəndləri istiqamətində baş tutan əmə­liyyatlar zamanı 60-dan artıq erməni hərbçisinin məhvinə, 27 nəfərin isə əsir götürülməsinə nail olub. Eyni zaman­da, onun fəal iştirakı ilə bir neçə ağır texnika, 2 BMP, çoxlu qumbaraatan və s. qənimət kimi ələ keçirilib. 

Yetkin zabitə döyüş dostları “Dədə” deyə müraciət edirdilər. Peşəkar hərb­çilər Əfqanıstan və Qarabağ döyüşlə­rində iştirak etmiş zabitləri bu adla ça­ğırırlar. Elə yubiley tədbirində söz alan keçmiş zabitlər də Sultan Bəndəliyevin döyüşdüyü yerlərdə tabeliyində olan bütün əsgərlərə ata qayğısı göstərdiyi­ni söyləyərək, onun əsl “Dədə” olduğu­nu vurğuladılar. 

Qeyd olundu ki, 1993-cü ilin dekab­rında minaya düşən Sultan Bəndəli­yevin sol ayağını hospitalda amputa­siya etməli olublar. Tərxis edildikdən sonra o, bütün gücünü gənclərin hər­bi-vətənpərvərlik tərbiyəsi işinə həsr edib, istefada olan polkovnik-leytenant kimi, özünün hərbçi estafetinə sadiqliyi ilə seçilib. 

Yubilyar veteran Silahlı Qüvvələ­rimizin 2020-ci ildə 44 günlük “Zəfər yürüşü” ilə Qarabağı işğaldan azad etməsindən, Laçının, Ağdamın, Şuşa­nın... böyük rəşadətlə geri alınmasın­dan hədsiz məmnun olduğunu söylədi. Bu ilin sentyabrında isə 24 saatdan da az çəkən antiterror tədbirləri nəticəsin­də Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsini o, öz yubileyinə ən gözəl hədiyyə saydığını bildirdi: “Bu günlərdə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə, Sərsəng Su Anbarında Azərbaycan bayrağını qaldırmasını görmək hər bir soydaşımız kimi, mənim üçün də ən böyük xoşbəxtlikdir. Demə­li, havayı yerə o müqəddəs torpaqlarda şəhidlər verməmişik, can qoymamışıq, sağlamlığımızı itirməmişik”.

Daha sonra yubilyar səhnəyə dəvət olunub, təşkilatçılara minnətdarlığını bildirib. Sumqayıt Şəhər İcra Hakimiy­yəti adından Sultan Bəndəliyevə hədiy­yə təqdim olunub.

...Tədbirdə vətənpərvərlik mövzu­sunda mahnılar səsləndirilib.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat