Şahruddin “Adana Dəmirspor”a keçir

post-img

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçir.

“XQ” xəbər verir ki, bu barədə məlumatı “Fanatik” nəşri yayıb. Bildirilir ki, 29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, “Adana Dəmirspor”da yerli futbolçu statusunda çıxış edəcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın formasını geyinir.

Yeri gəlmişək, “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl yerli mətbuata açıqlamasında qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi ilə bağlı danışıb. 

Ağdam klubunun rəsmisi Azərbaycan vətəndaşının Türkiyədə yerli statusda çıxış etməsinin transferdə vacib rol oynadığını söyləyib. “Şahruddinin “Adana Dəmirspor”dan təklifi var idi. Bizə özünü orada sınamaq, karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirdi. Üstəlik, Azərbaycan vətəndaşları Türkiyədə legioner statusunda oynamırlar. Bu, bəlkə də ona əlavə stimul olub. Şahruddin də ora getməyə üstünlük verdi”, - deyə Əmrah Çəlikəl bildirib.

Elçin ABBASOV,

XQ

İdman