Tələbə idmançılarımızın yeni medalları

post-img

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan idmançılarının çıxışı davam edir. 

Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, Azərbay­can üzgüçüsü Ramil Vəlizadə 200 metr batterflyay üsulunda üzmədə gümüş medal qazanıb. Sambo idman növündə isə Adil Adilzadə (79 kq) üçüncü yeri tutub.

Bununla da, komandamızın əldə etdiyi medalların sayı 22-yə çatıb (3 qızıl, 6 gümüş, 13 bürünc medal).

Qeyd edək ki, avqustun 31-dək davam edəcək yarış Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük və sambo üzrə yarışırlar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman