Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində dörddəbir final döyüşləri başa çatıb. Görüşlərin yekununa əsasən yarımfinala Azərbaycan millisinin daha 2 idmançısı vəsiqə qazanıb.
Həmyerlimiz Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. Digər təmsilçimiz Adil Zalov da yarımfinalda iştirak hüququ əldə edib. 63 kq-da mübarizə aparan boksçu dörddəbir finalda Yan Mikuliç (Xorvatiya) üzərində 5:0 hesabı ilə qələbə qazanıb.
Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Bununla da Azərbaycan millisinin 1/2 finala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Aslanovla Zalovdan öncə İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 final səddini uğurla adlayıb.
Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.
Elçin ABBASOV,
“Xalq qəzeti”