Bu axşam “Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Bakıda Türkiyənin “Beşiktaş” klubunu qəbul edən "ağ qaralar" doğma meydanda məğlub olublar. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi Arena” keçirilən görüşün ilk dəqiqələrindən fəal oyun nümayiş etdirən "Beşiktaş" 14-cü dəqiqədə hesabı açıb. İstanbul təmsilçisinin heyətində Vensan Abubakar fərqlənib. 23-cü dəqiqədə isə Cekson Muleka "Beşiktaş"a ikinci qol sevincini yaşadıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə də “Beşiktaş" üstün oyun nümayiş etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qolunu vurub. 79-cu dəqiqədə isə “Neftçi” vurulan qollardan birinin əvəzini çıxa bilib. "Ağ qaralar"ın heyətində Kilan Lebon fərqlənib. Bu qoldan sonra oyunda hesab dəyişməyib. Beləliklə, “Neftçi” doğma meydanda “Beşiktaş”a 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"