Fərid Qayıbov: Şahmatçılarımız bütün dünyada tanınır

post-img

Azərbaycanda şahmatın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə dünya çempionu yetişib, kifayət qədər nailiyyətlərimiz var. Şahmatçılarımız bütün dünyada tanınır. Bu cür yarışlar şahmatın təbliğatında mühüm rol oynayır.

Bu sözləri Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarına həsr olunmuş mətbuat konfransında deyib.

Yarışın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirən nazir bildirib ki, Təşkilat Komitəsinin turnirə necə hazırlaşdığını bilirəm. İdmanın bu növünü bütün dünyada yüksək səviyyədə təbliğ etdiyi üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə minnətdarlığımı bildirirəm. Azərbaycana inandıqları üçün ona təşəkkür edirəm. Həmçinin bütün idmançılara yarışda uğurlar arzu edirəm.

Sayca 10-cu dəfə təşkil olunacaq dünya kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.

İyulun 30-da start götürəcək turnirdə ölkəmizi T.Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.

Xatırladaq ki, dünya kuboku yarışları səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

İdman