“Əl Nəsr” klubu Maneni transfer edir

post-img

Son zamanlar Kristiano Ronaldu başda olmaqla bir sıra ulduz futbolçuları heyətinə cəlb edən Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu daha bir səs-küylü transferə imza atmaq üzrədir. Bu barədə “Sporx.com” saytı məlumat yayıb. 

Mənbə yazır ki, Almaniyanın “Bavariya” klubunun hücumçusu olan Sadio Mane “Əl-Nəsr”lə danışıqları yekunlaşdırıb. Klublar arasında da ilkin razılıq əldə olunub. Seneqallı forvardın 37 milyon avro müqabilində yaxın günlərdə yeni komandasına keçidinin rəsmiləşəcəyi bildirilir. 

Məlumat üçün deyək ki, Sadio Mane 2022/2023 mövsümündə “Bavariya”nın heyətində 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Əl Nəsr” Kristiano Ronaldunun ardınca Aleş Telleş, David Ospina, Marselo Brozoviç və Taliska kimi tanınmış futbolçuların  transferini gerçəkləşdirib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman