“Sabah” RFŞ-ni məğlub etdi

post-img

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Latviyanın RFŞ komandasının qonağı olan Bakının "Sabah" klubu səfərdə qələbə qazanmaqla avrokuboklarda uğurlu debütü ilə yadda qalıb.

Belə ki,  “Sloka” stadionunda keçirilən matçda hesabı "Sabah" klubu açıb. Matçın 22-ci dəqiqəsində Boyan Letiçin zərbəsi rəqib komandanı məyus edib. Bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub. Qarşılaşmanın ilk hissəsi “Sabah”ın 1:0 heablı qələbəsi ilə başa çatıb.

Çexiyalı baş hakim Yan Maxalekin idarə etdiyi matçın ikinci hissəsində də üstün oyun sərgiləyən “Sabah” klubu 56-cı dəqiqədə Davit Volkovun qolu ilə hesabda bir qədər də irəli çıxıb-2:0. Bundan sonra oyunda hesab dəyişməyib. Beləliklə, matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman