Bakıda Avropa Oyunları Parkında çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov Bakıda keçiriləcək çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsi ilə bağlı məlumat verdi. Qeyd etdi ki, turnirə qatılan komandalardan 4-ü final mərhələsində mübarizə aparacaq. Bu idman növünün ölkəmizdə inkişaf etdiyini bildirən F.Hüseynov komandamızın III Avropa Oyunlarında beşinci yeri tutmasının yaxşı nəticə olduğunu bildirdi: “Milli komandamızın dünya çempionatına vəsiqə qazanacağına inanıram. İdmançılarımıza uğurlar arzulayıram”.
Dünya Çimərlik Futbolu Təşkilatının (BSWW) vitse-prezidenti Qabino Renales Azərbaycanda olmaqdan məmnunluq hissi duyduğunu və əvvəllər də paytaxt Bakıda olduğunu xatırlatdı. Azərbaycanda çimərlik futbolunun inkişaf etdiyini vurğulayan qurum rəsmisi yığma komandamızın Avropa Oyunlarında nəticəsini xüsusi vurğuladı: “Bu idman növünün inkişaf etdiyi Avropada beşinci yer yaxşı nəticədir. Çünki Avropada çox güclü komandalar var”.
Qabino Renales Azərbaycanda idman tədbirlərinin təşkili üçün geniş imkanların olduğunu da vurğuladı: “Seçmə mərhələnin keçirildiyi arena möhtəşəmdir. Növbəti dünya çempionatına Birləşmiş Ərəb Əmirlikləri evsahibliyi edəcək. Gələcəkdə belə bir təşəbbüs olarsa, yenidən Bakıda turnirlərimizi təşkil edə bilərik”.
Paytaxtımızın həmişə beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə evsahibliyi etdiyini vurğulayan Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkilinin bizim üçün əhəmiyyətli olduğunu dedi: “Seçmə mərhələdə yığmamızdan uğurlu çıxış gözləiyirik. Ölkəmizdə 2008-ci ildən çimərlik futbolu inkişaf etdirilir. Ötən müddət ərzində böyük işlər görülüb. Millimiz Avropa arenasında inkişaf etmiş bu idman növü üzrə reytinq cədvəlində onuncu yeri tutur”.
III Avropa Oyunlarının komandamız üçün bir növ hazırlıq olduğunu bildirən federasiya rəhbəri əsas məqsədin komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq olduğunu dedi.
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Zeynal Zeynalov dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmasının sevindirici hal olduğunu vurğuladı. Qeyd edək ki, yığmamızın potensialı var. İnanıram ki, millimiz imkanlarından maksimum istifadə edəcək.
Dünya çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması ilk oynunun Moldova seçməsinə qarşı keçirəcək. İyulun 5–7-də keçiriləcək seçmə mərhələsində reytinqə görə ən yaxşı 13 komanda mübarizə aparacaq. İyulun 8-də yarımfinal və pley-off oyunları, 9-da isə bu mərhələnin qalibini təyin edəcək final matçı olacaq.
L.AZAD, “Xalq qəzeti”