Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin məzun günündə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər. Dövlət himni səsləndirildikdən sonra səhiyyə naziri Teymur Musayev bu günün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimi qalacağını bildirib.
Nazir vurğulayıb ki, hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasında xalqına, Vətəninə sıx bağlılığı olan tarixi şəxsiyyətlər dayanır: “Bu il Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xüsusi yer tutan iki böyük şəxsiyyətin – müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdardır. Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi, səhiyyənin və tibb təhsilinin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər səhiyyənin tərəqqisi, maddi-texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin açılması üçün zəruri addımlar atıb. Təbabət elminə və tibb təhsilinə böyük töhfələr vermiş oftalmoloq-alim, akademik Zərifə xanımın tələbələri, əsərləri ilə formalaşan mütəxəssislər nəsli bugün yeni həkim kadrların və alimlərin hazırlığı sahəsində əzmlə çalışırlar.
Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, bacarıqlı rəhbərliyi və gərgin zəhməti sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Dövlət başçısının rəhbərliyi altında əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunur, səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşdirilməsində köklü islahatlar aparılır, rəqəmsallaşma təminatlı tibbi xidmət istiqamətində işlər görülür.
Birinci vitse-prezident, ixtisasca həkim Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını yüksək qiymətləndirir".
T.Musayev məzunları təbrik edərək deyib ki, Azərbaycanın ilk ali məktəblərindən biri olan Tibb Universiteti onilliklər boyu səhiyyə ocaqları üçün yüksək ixtisaslı həkim kadrları yetişdirib. Hazırda bu qocaman tibb təhsil ocağı yeni təhsil standartlarına əsaslanaraq, müasir informasiya texnologiyalarından istifadə edir və beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları ilə yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Onun hər buraxılışı səhiyyəmiz və təbabətimiz üçün əlamətdar hadisədir.
Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyərək ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb. Rektor ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər, yüksək ixtisaslı kadrların hazırlanması üçün görülən işlər barədə də məlumat verib.
Qeyd olunub ki, 2022–2023-cü tədris ilində Azərbaycan Tibb Universitetinin 1217 nəfər məzunu olub. Onlardan 152 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Məzunlar arasında 389 nəfəri əcnəbilərdir. Müvafiq olaraq I müalicə-profilaktika fakültəsini 393, II müalicə-profilaktika fakültəsini 371, ictimai səhiyyə fakültəsini tibbi profilaktika ixtisası üzrə 69, stomatologiya fakültəsini 224, əczaçılıq fakültəsini 115, hərbi fakültəni 45 tələbə bitirib.
Məzunlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz verib və Hippokrat andı içiblər.
Təhsilini əla qiymətlərlə başa vuran məzunlara və universitetin ictimai həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər.
Tədbir tanınmış sənət ustalarının çıxışı ilə davam edib. ATU-nun tələbələri sənətçilərlə eyni səhnəni bölüşüb, hərbi fakültənin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”