Müqəddəs missiya – Vətəni layiqincə təmsil etmək

post-img

Beynəlxalq arenalarda qazandıqları böyük qələbələrdən qürur hissi keçirdiyimiz Azərbaycan pəhləvanları bu günlərdə daha bir parlaq nailiyyət qazandılar. İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamızın da tarixi nailiyyyət əldə etməsi pəhləvanlarımızın məğlubedilməzliyinin daha bir nümunəsinə çevrildi. Ən əsası isə bu gənclərin timsalında növbəti illərdə böyüklərin ən nüfuzlu yarışlarında Azərbaycan bayrağını qaldıracaq, Dövlət Himnini səsləndirəcək potensiallı idmançıların yetişməsi daha böyük qələbələrdən soraq verir. 

U-20 Avropa çempionatında ölkə­mizi yüksək səviyyədə təmsil edən sərbəst güləşçilərimizin Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanması Avropada rəqib tanı­mayan gənc güləşçilərimizin qazandıq­ları böyük qələbəyə verilən dəyər və böyük ehtiram idi. Mətbuat nümayən­dələrinin də qatıldığı təntənəli qarşılan­ma mərasimində idman ictimaiyyəti və idmançıların yaxınlarının, dostlarının onlara deyəcəyi sözlər çox olsa da, ha­mının ürəyində gücü, əzmkarlığı ilə Av­ropanı fəth edən qəhrəman güləşçiləri­mizin özünü dinləmək istəyi var idi. 

Komandamızın “qızıl” oğlanla­rından biri Ceyhun Allahverdiye­vin “Biz qələbə qazanaraq, Avropa çempionu kimi Vətənə geri döndük”, – sözləri onları qəhrəman kimi qarşı­layanların da hiss və həyəcanını ifadə edirdi. Çünki idmançılarımızın qələ­bələrinin əsasında güc, qüvvətlə ya­naşı, vətənpərvərlik ruhu da mühüm amillərdəndir. Qalibiyyətin qürurverici olduğunu xatırladan C.Allahverdiyev qələbə münasibəti ilə xalqımızı təbrik edib. Çünki idmançılarımızın hər biri xalqımızın bu nailiyyətlərə nə qədər dəyər verdiyini çox yaxşı bilir. Bütün görüşlərini çox asanlıqla keçirən, lakin final görüşündə erməni rəqibi ilə qarşı­laşmada bir az çətinlik çəkdiyini etiraf edən pəhləvanımız qeyd edib ki, həl­ledici mərhələdə qələbə qazanacağına əmin olub. Ədalətlə mübarizə aparma­ğı bacarmayan, yarışlarda yalnız təx­ribatçılıq və fitnəkarlıqla məşğul olan ermənilərə qarşı müxtəlif idman növləri üzrə komandamızın digər üzvləri kimi, Allahverdiyev də ehtiyatla davranaraq qələbə əldə etdi. 

Güləşçi qarşıdakı gənclər arasın­da dünya çempionatından da danışıb. Bildirib ki, bu yarışa da yüksək nəticə üçün yollanacaqlar. 

Onun komanda yoldaşı Ruslan Abdullayev yığmanın qitə çempionatı­na yüksək səviyyədə hazırlaşdığını de­yib: “Yarışda qarşılaşmalarım çox çətin keçmədi. Finalda moldovalı güləşçini də məğlub edərək qızıl medala sahib oldum. Komandamız yarışa yaxşı ha­zırlaşmışdı. Məqsədimiz çempionluq qazanmaq idi. Amma bununla kifayət­lənmək olmaz. Qarşıda bizi dünya çempionatı gözləyir. Əsas hədəfimiz dünya çempionunda uğurla çıxış et­məkdir”.

Millinin baş məşqçisi Arif Abdul­layev deyib ki, artıq ikinci dəfə Avro­pa çempionluğunu qazanan sərbəst güləş üzrə gənclərdən ibarət yığma­mız dünyanın ən güclülərindən sayılır: “Komandanın hazırlığını xüsusi qeyd etmək istəyirəm. Yığma üzvlərinin hər biri meydana yalnız qələbə üçün çıxır. Güləşçilərimiz güclü olduqları qədər də vətənpərvərdirlər. Azərbaycan Bay­rağını qaldırmaq, Dövlət Himnini səs­ləndirmək müqəddəs missiyadır. Onun öhdəsindən şərəflə gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik”. 

Baş məşqçi avqustun 4-də Polşada keçiriləcək gənclərin dünya çempiona­tına hazırlıq barədə fikirlərini də bildi­rib. Vurğulayıb ki, yığma 2 mərhələdə təlim-məşq toplanışında iştirak edə­cək: “İnanıram ki, komandamızın üzv­ləri hazırlığını daha da artıraraq ölkə­mizi dünya çempionatında da layiqincə təmsil edəcəklər”.

Vətənə qələbə ilə dönən güləş­çilərimiz açıqlamalarında yeni uğurlar üçün daha səylə çalışacaqlarını bildir­dilər. İnanırıq ki, gücü, mübariz ruhu Vətəndən alan gənc güləşçilərimizin uğuru davamlı olacaq. 

Qeyd edək ki, İspaniyada keçirilən U-20 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanaraq komanda he­sabında qitə çempionu olub.

Leyla QURBANOVA, “Xalq qəzeti”



İdman