Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıblar
Beynəlxalq arenalarda qazandıqları böyük qələbələrdən qürur hissi keçirdiyimiz Azərbaycan pəhləvanları bu günlərdə daha bir parlaq nailiyyət qazandılar. İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamızın da tarixi nailiyyyət əldə etməsi pəhləvanlarımızın məğlubedilməzliyinin daha bir nümunəsinə çevrildi. Ən əsası isə bu gənclərin timsalında növbəti illərdə böyüklərin ən nüfuzlu yarışlarında Azərbaycan bayrağını qaldıracaq, Dövlət Himnini səsləndirəcək potensiallı idmançıların yetişməsi daha böyük qələbələrdən soraq verir.
U-20 Avropa çempionatında ölkəmizi yüksək səviyyədə təmsil edən sərbəst güləşçilərimizin Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanması Avropada rəqib tanımayan gənc güləşçilərimizin qazandıqları böyük qələbəyə verilən dəyər və böyük ehtiram idi. Mətbuat nümayəndələrinin də qatıldığı təntənəli qarşılanma mərasimində idman ictimaiyyəti və idmançıların yaxınlarının, dostlarının onlara deyəcəyi sözlər çox olsa da, hamının ürəyində gücü, əzmkarlığı ilə Avropanı fəth edən qəhrəman güləşçilərimizin özünü dinləmək istəyi var idi.
Komandamızın “qızıl” oğlanlarından biri Ceyhun Allahverdiyevin “Biz qələbə qazanaraq, Avropa çempionu kimi Vətənə geri döndük”, – sözləri onları qəhrəman kimi qarşılayanların da hiss və həyəcanını ifadə edirdi. Çünki idmançılarımızın qələbələrinin əsasında güc, qüvvətlə yanaşı, vətənpərvərlik ruhu da mühüm amillərdəndir. Qalibiyyətin qürurverici olduğunu xatırladan C.Allahverdiyev qələbə münasibəti ilə xalqımızı təbrik edib. Çünki idmançılarımızın hər biri xalqımızın bu nailiyyətlərə nə qədər dəyər verdiyini çox yaxşı bilir. Bütün görüşlərini çox asanlıqla keçirən, lakin final görüşündə erməni rəqibi ilə qarşılaşmada bir az çətinlik çəkdiyini etiraf edən pəhləvanımız qeyd edib ki, həlledici mərhələdə qələbə qazanacağına əmin olub. Ədalətlə mübarizə aparmağı bacarmayan, yarışlarda yalnız təxribatçılıq və fitnəkarlıqla məşğul olan ermənilərə qarşı müxtəlif idman növləri üzrə komandamızın digər üzvləri kimi Allahverdiyev də ehtiyatla davranaraq qələbə əldə etdi.
Güləşçi qarşıdakı gənclər arasında dünya çempionatından da danışıb. Bildirib ki, bu yarışa da yüksək nəticə üçün yollanacaqlar.
Onun komanda yoldaşı Ruslan Abdullayev yığmanın qitə çempionatına yüksək səviyyədə hazırlaşdığını deyib: “Yarışda qarşılaşmalarım çox çətin keçmədi. Finalda moldovalı güləşçini də məğlub edərək qızıl medala sahib oldum. Komandamız yarışa yaxşı hazırlaşmışdı. Məqsədimiz çempionluq qazanmaq idi. Amma bununla kifayətlənmək olmaz. Qarşıda bizi dünya çempionatı gözləyir. Əsas hədəfimiz dünya çempionunda uğurla çıxış etməkdir”.
Millinin baş məşqçisi Arif Abdullayev deyib ki, artıq ikinci dəfə Avropa çempionluğunu qazanan sərbəst güləş üzrə gənclərdən ibarət yığmamız dünyanın ən güclülərindən sayılır: “Komandanın hazırlığını xüsusi qeyd etmək istəyirəm. Yığma üzvlərinin hər biri meydana yalnız qələbə üçün çıxır. Güləşçilərimiz güclü olduqları qədər də vətənpərvərdirlər. Azərbaycan Bayrağını qaldırmaq, Dövlət Himnini səsləndirmək müqəddəs missiyadır. Onun öhdəsindən şərəflə gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik”.
Baş məşqçi avqustun 4-də Polşada keçiriləcək gənclərin dünya çempionatına hazırlıq barədə fikirlərini də bildirib. Vurğulayıb ki, yığma 2 mərhələdə təlim-məşq toplanışında iştirak edəcək: “İnanıram ki, komandamızın üzvləri hazırlığını daha da artıraraq ölkəmizi dünya çempionatında da layiqincə təmsil edəcəklər”.
Vətənə qələbə ilə dönən güləşçilərimiz açıqlamalarında yeni uğurlar üçün öz üzərlərində daha səylə çalışacaqlarını bildirdilər. İnanırıq ki, gücü, mübariz ruhu Vətəndən alan gənc güləşçilərimizin uğuru davamlı olacaq.
Qeyd edək ki, İspaniyada keçirilən U-20 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.
Leyla QURBANOVA,
“Xalq qəzeti”