III Avropa Oyunlarında komandamız bu gün 5 növdə yarışacaq

post-img

Yığmamız 24-cü yerdədir

Polşada III Avropa Oyunlarında Azərbaycan komandasının çıxışı davam edir. Ötən gün çimərlik futbolu üzrə yığmamız A qrupunda Polşa komandası ilə qarşılaşıb. Oyunda rəqib komanda 7:2 hesablı qələbə qazanıb. Millimiz iyunun 28-də növbəti oyununu Portuqaliya kollektivi ilə keçirəcək. 

Stend atıcılarımız Regina Meftahətdinova, Nurlana Cəfərova və Sevda Nəcəfovadan ibarət komanda skit növü üzrə bürünc medal uğrunda görüşdə Çexiya seçməsinə 0:6 hesabla məğlub olub. Bu nəticə ilə yığmamız 4-cü pillədə qərarlaşıb. 

Badmintonçumuz Eddi Reski Dviçayo G qrupundakı ikinci qarşılaşmasında Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevi məğlub edib (2:1). Digər badmintonçumuz Keyşa Fatimə Zəhra D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa üzərində qələbə qazanıb (2:0). Hər iki təmsilçimiz səkkizdəbir finala vəsiqə qazanıblar. Badmintonçularımız bu gün mübarizəni davam etdirəcəklər.

Boks üzrə yığmamızın mübarizəsi də bu gün davam edəcək. Ötən gün yığmamızın üzvü Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finalda iştirak hüququ qazanıblar. 

Azərbaycan qılıncoynadanları isə fərdi mübarizəni medalsız başa vurublar.

Qadın sablyaçılarımızdan Səbinə Kərimova 1/8 final mərhələsində macar Renata Katonaya məğlub olub. Qılıncoynadanlarımız da bu gün mübarizəni davam etdirəcəklər. Bu gün, həmçinin triatlonçularımız da qüvvələrini sınayacaqlar. 

Hazırda yığmamızın aktivində 8 (2-1-5) medal var. 

Belə ki, karateçilər Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) çempion olublar, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Taekvondoçumuz Sayad Dadaşov (54 kq) gümüş, komanda yoldaşı Qaşım Maqomedov (68 kq) və muay-tayçılarımız Aysu Devrişova (57 kq), Emili Rzayeva (63,5 kq) və Xəyal Əliyev (67 kq) bürünc medala sahib olublar.

Bu göstərici ilə Azərbaycan 24-cü sırada qərarlaşıb. 

İlk “üçlük”də əvvəlki kimi İtaliya (19 qızıl, 19 gümüş, 25 bürünc) liderdir. İspaniya (18 qızıl, 11 gümüş, 14 bürünc) ikinci, Ukrayna isə (17 qızıl, 10 gümüş, 7 bürünc) 3-cü sıradadır. 

İndiyədək ümumilikdə 41 ölkə medal qazanıb. Oyunlar iyulun 2-dək davam edəcək. 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

İdman