Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində Türkiyənin gənclər və idman naziri Osman Aşkın ilə görüşüb.
“Xalq qəzeti” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, görüş zamanı iki qardaş ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi, yeni təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə edilib.
Fərid Qayıbov Ekvadorun idman naziri Sebastian Palacios, nazirliyin Əməkdaşlıq və Beynəlxalq Əlaqələr Departamentinin direktoru Karlos Alarkon Armendarislə də görüşüb. Görüşdət tədbirin ölkəmizdə yüksək səviyyədə təşkilinə, eləcə də konfrans çərçivəsində digər ölkələrin nümayəndələri ilə görüşmək və müzakirələr aparmaq imkanına görə minnətdarlıq ediblər.
Peru İdman İnstitunun prezidenti Guido Flores Marcan ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında idman əlaqələrinin perspektivləri müzakirə olunub.
Fərid Qayıbov həmçinin Avropa Parlamentinin üzvü, Yunanıstanın sabiq turizm naziri Elena Kundura ilə də görüş keçirib. Görüşdə idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.