Azərbaycan Xüsusi Olimpiya Komitəsinin komandası ciddi sınaq qarşısındadır. Sağlamlıq imkanları məhdud idmançılarımız iyunun 18-də Almaniyanın Berlin şəhərində start götürəcək dördilliyin nüfuzlu yarışlarından biri Dünya Xüsusi Yay Olimpiya Oyunlarında mübarizə aparacaqlar. Uzun aylar, illər yorulmadan çalışaraq idman bacarıqlarını artıran, hədəfə çatmaq üçün bütün maneələri aşmağa nail olan təmsilçilərimiz bu dəfə də sübut etməyə çalışacaqlar ki, idman heç bir əngəl tanımır.
Onlar “Berlin-2023”də istər Qış, istərsə də Xüsusi Yay Olimpiya Oyunlarında qazandıqları böyük uğurların davamını gətirməyə çalışacaqlar. Berlinin Olimpiya stadionunda keçiriləcək mötəbər yarışda komandamız idmanın 10 növü üzrə 72 nəfərdən ibarət heyətlə təmsil olunacaq. Bədii gimnastımızın isə ilk dəfə Olimpiadada təmsil olunacağını xüsusi vurğulamalıyıq.
Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev “Xalq qəzeti”nə açıqlamasında atletlərimizin yarışa yaxşı hazırlaşdıqlarını bildirdi: “Xüsusi olimpiyaçılarımız atletika, badminton, basketbol (qızlar), cüdo, bədii gimnastika, həndbol (qızlar), pauerliftinq, stolüstü tennis, üzgüçülük və voleybol (oğlanlar) idman növlərində mübarizə aparacaqlar. Oyunların açılış mərasimi iyunun 17-də, bağlanışı isə 25-də olacaq.
Qarşıda duran əsas məqsədimiz komandamızın uğurlu çıxışını təmin etməkdir. Bununla bağlı bütün tədbirlər görülüb. İdmançılarımız yaxşı formadadırlar. Ümid edirik ki, nəticələr də yaxşı olacaq”. Bundan əvvəl Dünya Xüsusi Olimpiya Oyunları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib. Həmin yarışda 54 idmançı ilə təmsil olunan Azərbaycan yığması atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparıb. Yüksək potensial və böyük əzmkarlıq nümayiş etdirən idmançılarımız 6-sı qızıl, 10-u gümüş, 8-i bürünc olmaqla 24 medal qazanıblar.
Qeyd edək ki, Beynəlxalq aləmdə “Special Olympics” (Speşial Olimpiks) adı ilə tanınan Xüsusi Olimpiya hərəkatının əsasını 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi-Şrayver qoyub. Hər şey əqli imkanları məhdud olanlar üçün onun evində idman-sağlamlıq düşərgəsinin təşkilindən başlayıb. Onların futbol oynamaqda, qaçmaqda və üzgüçülükdə göstərdikləri məharət və fəallıq tezliklə bütün dünyanın diqqətini cəlb edib və bütün bunlar əqli imkanları məhdud olanlara qarşı ictimai fikrin tam dəyişməsinə səbəb olub.
1968-ci ildə Çikaqoda ilk Dünya Xüsusi Yay Olimpiya Oyunları keçirilib. Xüsusi Olimpiya Komitəsinin Baş Qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir. Azərbaycan Xüsusi Olimpiya hərəkatına 1990-cı ildən etibarən qoşulub. Komitə 1993-cü ildən etibarən Beynəlxalq Xüsusi Olimpiya və Avropa/Avrasiya Komitəsinin üzvüdür.
Xüsusi Olimpiya hərəkatında əsas məqsəd xüsusi olimpiyaçıların məhz böyük idmanla deyil, kütləvi idmanla məşğul olmasını təmin etməkdir. Təsadüfi deyil ki, xüsusi Olimpiya hərəkatının devizi “Mənə imkan verin, mübarizə aparıb qalib gəlim. Qalib gələ bilməsəm də hər yarışdan sonra cəsarətli olum”, – fikridir. Bu şüar belə insanların nə qədər həssas münasibətə ehtiyac duyduqlarını və qalibiyyət uğrunda mübarizə aparmalarının əsl qəhrəmanlıq olduğunu aydın göstərir.
Bəli, heç bir maneə tanımadan böyük əzmkarlıqla mübarizə apararaq qələbə qazanmaq üçün fədakarlıq göstərən idmançıların hər biri qalibdir! Qələbə soraqlı idmançılarımızdan uğurlar gözləyirik!
Leyla QURBANOVA, “Xalq qəzeti”


