Emre Kutalmış Ateşli: Azərbaycan yarışa çox ciddi hazırlaşıb

post-img

Ötən ilin may ayında Türkiyə millisinin heyətində Avropa çempionu olmuş Emre Kutalmış Ateşli "Xalq qəzeti.az"a açıqlama verib. 

Türkiyəli gənç taekvondoçu Dünya Taekvondo Federasiyasının 50 illiyi və ulu öndər Heydər Əliyevin 100 illik yubileyi dönəminə təsadüf edən bu dünya çempionatında da qızıl medal qazanmaq istədiyini bildirdi. 22 yaşlı gənc taekvondoçu qeyd etsi ki, o, 2017-2018-ci illərdə Avropa Gənclər çempionu olub. 2018-2019-cu illərdə U-21 Türkiyə millisinin heyədində Avropa çempionu titulunu qazanıb.  2018-ci ildə Akdeniz və 2022-ci ildə İslam Həmrəyli Oyunlarında yenə bürünc medala yiyələnib. Ötən il İngiltərənin Mançester şəhərində keçirilən Dünya Qran-Prisində bürünc, Romada isə qızıl medal qazanıb. Sonuncu dəfə ötən ilin mayında İngiltərənin Mançester şəhərində  Avropa çempionu tituluna yiyələnib.

O, Bakıdan da əliboş qayıtmaq istəmədiyini dedi: "Burada özümüzü evimizdəki kimi hiss edirik. İnsanlar bizə sevgi və rəğbət bəsləyirlər. Bizim idmançılar dayanq üzərinə çıxanda gur alqış səsləri eşidilir. Hər kəs Türkiyə-Türkiyə deyə bağırır. Azərbaycanlı qardaşlarızımın güclü dəstəyini hiss edirik. Biz yarışın birinci və ikinci günündə bunun aydın şahidi olduq. Birinci gün milli komandanın üzvü Haticə bürünc medal qazandığı zaman azərbaycanl azarkeşlərin səsindən zalda qulaq tutulurdu. Dünən isə komanda yoldaşımız Ömərin son anda məğlubiyyətinə buradakı hər kəsin necə məyus olmasının şahidi olduq. Qürurverici haldır ki, bizi Azərbaycanda belə çox sevirlər".

Emre Kutalmış Ateşli, həmçinin, yarışların yüksək səviyyədə təşkil olunduğunu söylədi: "Azərbaycan yarışa çox ciddi hazırlaşıb. Hər şey yüksək səviyyədə təşkil edilib. Bütün bunlar Azərbaycan dövlətinin və əlaqədar qurumların böyük zəhməti hesabına başa gəlib. Ümidvaram ki, Azərbaycanda belə taekvondo yarışları tez-tez təşkil olunacaq və buraya çoxsaylı səfərlər edəcəyik".

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman